Alimlər yaxın 5 il üçün pandemiya ssenarisinin mümkün gedişatını təhlil edib.
Gent.az xəbər verir ki, Beynəlxalq Elmi Birliyin son məruzəsinə görə, 2027-ci ilə qədər mümkün ola biləcək 3 ssenari var.
Məruzənin müəllifləri dünyanın məşhur 20 ekspertidir.
1-ci ssenari optimistdir
Tam vaksin olunmuş insanların bütün dünyada sayı 80%-ə çatarsa, çoxsaylı insan həyatı xilas ediləcək, SARS virusunun yeni variantları yayılmayacaq, lakin koronavirus endemik virusa çevriləcək. Nəzarətə tabe olacaq.
2-ci ssenari daha realistdir
Dünyada qitələr üzrə ümumi vaksinasiya 60%-ə çatacaq. Bu halda koronavirus endemik olacaq, mövsümi olaraq bir neçə ölkədə güclü dalğalar yaranacaq, yenə də xəstəxanalar dolacaq. Bu ssenari gerçəkləşərsə, məhdudiyyətlər, qadağalar, daim yenilənən dərman və vaksinlərlə illəri yola verəcəyik.
2027-ci ilə kimi ölkələrarası bərabərsizlik güclənəcək, inkişaf etmiş dövlətlərin əhalisi kəskin fazanı birtəhər keçsə də, kasıb ölkələrdə insan itkisi yüksək olacaq.
3-cü ssenari ən pessimistidir
Milli və populist yanaşma davam edərsə, vaksinasiya 50%-dən də aşağı düşəcək, koronavirus nəzarətsiz şəkildə planetdə özbaşına gəzəcək, gah bu qitədə, gah o birində yeni variantlarla qığılcımlanma yaradıb, illərlə davam edəcək. Pandemiya ilə effektiv mübarizə üçün dünya bir olmalı, ətraf mühit və iqlim dəyişikliyinə nəzarət etməli, hərə öz ölkəsinin qeydinə qalmağı buraxmalıdır. (Bakupost)