Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, ANAMA-nın tərəfdaşlığı, “Xəzər İntellektual Gənclər Klubu” İctimai Birliyi, “Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyi və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə həyata keçirilən “Zəfərin Sədası – İntellektual Gəncliyimiz” layihəsi uğurla başa çatmışdır.
Layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə təhsil alan gənclərlə şəhid övladlarının bir araya gətirilməsi, onların iştirakı ilə intellektual oyunların təşkili, gənclər arasında inteqrasiyanın gücləndirilməsi, gənclərin maarifləndirilməsi və dünya görüşünün artırılması olmuşdur. Eyni zamanda, Ağdam və Şuşa şəhərlərinə infoturların təşkili vasitəsilə iştirakçıların qəhrəmanlıq tariximiz və Zəfər yolumuzla yaxından tanış edilməsi hədəflənmişdir.
Layihə çərçivəsində ilkin mərhələ maarifləndirici tədbirlərlə başlamışdır. Ağdam rayonunda keçirilən görüşlər zamanı iştirakçılar minatəmizləmə prosesləri ilə yaxından tanış olmuş, ərazilərdə aparılan praktiki əməliyyatları izləmiş, partlamamış hərbi sursatlarla davranış qaydaları barədə mütəxəssislər tərəfindən məlumatlandırılmışlar. Gənclərin sualları ətraflı şəkildə cavablandırılmış, həmçinin minaların zərərsizləşdirilməsi prosesi əyani şəkildə nümayiş etdirilmişdir.
Daha sonra iştirakçılar Şuşa şəhərinə səfər etmiş, burada aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə tanış olmuş, ölkəmizin şanlı Zəfər tarixini əks etdirən məkanları ziyarət etmişlər.
Layihənin növbəti mərhələsində Qarabağ Universitetinin tələbələri arasında intellektual turnir təşkil olunmuşdur. Ümumilikdə 10 komandanın iştirak etdiyi yarış yüksək rəqabət şəraitində keçmiş və iştirakçılar tərəfindən böyük maraqla qarşılanmışdır. Turnirin qalibləri təşkilatçılar tərəfindən kubok, medal, sertifikat və digər dəyərli hədiyyələrlə təltif olunmuşdur.
Qeyd edək ki, layihə şəhid övladı Xədicə Abbasovanın rəhbərliyi ilə uğurla icra edilmişdir.









