Bunu deputat Vüqar Bayramov deyib.
Gent.az xəbər verir ki, o bildirib ki, FED artım qərarını ABŞ-də inflyasiya səviyyəsinin gözləniləndən daha yüksək olması ilə əlaqələndirib:
"Belə ki, ABŞ-də illik 6,0 faiz inflyasiya dərəcəsi qeydə alınıb. İnflyasiyanın əvvəlki ilə nisbətən səngiməsi müşahidə olunsa da, bu, FED-in hədəflədiyi 2,0 faizlik intervaldan hələ də xeyli uzaqdır.
Bununla yanaşı, FED ardıcıl dərəcə artımları kredit bazarına və eləcə də bank sektoruna neqativ təsir göstərməkdədir. Amma, FED istehlak qiymətləri stabilləşənədək hazırkı siyasətini davam etdirmək niyyətindədir. Son artımla ABŞ-də borclanma fazini yenidən yüksəldəcəyi gözlənilir və bütövlükdə son 1 ildə ABŞ-də kredit faizlərində kəskin artımlar müşahidə olunur. Belə ki, son 1 ildə avtomobil kreditləri üzrə faizlər 3,86 faizdən 6,48 faizə, kredit kartları üzrə illik faiz dərəcəsi (APR) 16 faizdən 20 faizə, tələbə kreditləri isə 3,73 faizdən 4,99 faizədək yüksəlib. Göründüyü kimi, istehlak bazarında stabilliyə nail olmağa hədəfləyən FED-in uçot dərəcəsi ilə bağlı qəbul etdiyi qərarlar əslində ölkənin maliyyə sektoru üçün hiss edilən çətinliklər yaradıb. ABŞ üçün heç də xarakterik olmayan yüksək faizlər fonunda bank sektorunda da volatillik artır. Bu gələcəkdə sektorda toksit aktivlərin həcminin artmasına gətirib çıxara bilər.
Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsir edir. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağı idisə, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Aydındır ki, manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda Dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğidir. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxardığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir.
Xatırladaq ki, Azərbaycanda hələ də üzən məzənnə rejiminə keçilməyib. Mərkəzi Bank prosesə birbaşa intervensiya etmək imkanlarını qoruyub saxlayır. Ona görə də növbəti aylarda da manatın məzənnəsinin necə dəyişməsi birbaşa Azərbaycan Mərkəzi Bankının mövqeyindən asılı olacaq".(big.az)