Bu gün Azərbaycanın İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Qələbənin beşinci ildönümü – Zəfər Günü qeyd olunur.
Gent.az xəbər verir ki, Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli sərəncamı ilə təsis edilib.
2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatına və hərbi təcavüzünə cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başladı. Məqsəd torpaqlarımızı işğaldan azad etmək, Ermənistanı sülhə məcbur etmək, BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək, məcburi köçkünləri doğma torpaqlarına qaytarmaq və ədaləti bərpa etmək idi. Bu müqəddəs amal uğrunda bütün Azərbaycan xalqı həmrəy olaraq səfərbər oldu.
44 gün davam edən döyüşlərdə rəşadətli Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Xüsusilə:
-
Cəbrayıl və rayonun 90 kəndi
-
Füzuli və rayonun 53 kəndi
-
Zəngilan, Mincivan, Ağbənd, Bartaz və 52 kənd
-
Xocavəndin Hadrut qəsəbəsi və 35 kənd
-
Tərtərin 3 kəndi
-
Qubadlı və rayonun 41 kəndi
-
Xocalının 9 kəndi
-
Şuşa, Laçının 3 kəndi
-
Ağdərə və Murovdağ istiqamətlərində strateji yüksəkliklər
-
Zəngilanda Bartaz, Sığırtaş, Şükürataz və 5 digər yüksəklik
Hərbi qələbələr, xüsusilə Şuşanın azad edilməsi müharibənin taleyində həlledici rol oynadı. Ermənistan məğlubiyyətini qəbul edərək Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur oldu.
2020-ci il noyabrın 9-dan 10-a keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin üçtərəfli bəyanat imzalayaraq atəşi və bütün hərbi əməliyyatları dayandırdılar. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu.
Zəfərin mübarək, Azərbaycan!


