Rusiyada Ukrayna müharibəsindən sonra yaranan kəskin işçi çatışmazlığını aradan qaldırmaq məqsədilə ölkəyə gətirilən ilk hindistanlı miqrant işçilər fəaliyyətə başlayıblar.
Gent.az xəbər verir ki, rəsmi açıqlamalara görə, müharibədən sonra Orta Asiya ölkələrindən gələn minlərlə işçinin Rusiyanı tərk etməsi fonunda hökumət bu boşluğu 40 min hindistanlı işçi hesabına doldurmağı planlaşdırdığını bildirmişdi. Bu plan çərçivəsində ilk işçi qrupları artıq Rusiyada görüntülənib.
Dehlidə fəaliyyət göstərən işəgötürmə bürolarından birinin məlumatına əsasən, Hindistandan gələn miqrantların hamısı işçi çatışmazlığının ən ciddi olduğu Moskva və Sankt-Peterburq şəhərlərinə göndərilir.
Bildirilir ki, miqrantların hamısı 19–43 yaş arası gənc kişilərdir və onların böyük hissəsi Hindistanın son dərəcə yoxsul bölgələrindən gəlir. Mənbələr qeyd edir ki, bəzi işçilər üçün mikrodalğalı soba və hətta əsas su təchizatı sistemləri belə tanış deyil.
Hətta bəzi hindistanlı miqrantların krandan duş rejimində suyun necə axıdılacağını bilmədiyi iddia olunur. Sosial şəbəkələrdə yayılan videolarda isə Hindistandan gələn işçilərin qarı “təmizlədiyi” anlar əks olunub.
Mövzu Rusiya cəmiyyətində və sosial mediada geniş müzakirələrə səbəb olub.


