"Apple" şirkətinin növbəti payızda təqdim edəcəyi yeni flaqman seriyası - iPhone 18 üçün geri sayım davam edərkən, lüks smartfon modifikasiyaları ilə tanınan dünya şöhrətli "Caviar" brendi gözlənilməz addım atıb.
Gent.az xəbər verir ki, şirkət hələ rəsmi olaraq elan edilməyən iPhone 18 Pro və iPhone 18 Pro Max modelləri əsasında hazırladığı, tamamilə nadir materiallardan ibarət "Royal Colors" (Kraliyyət Rəngləri) adlı ultra-lüks kolleksiyasını indidən ilkin sifarişə çıxarıb.
Əl işi olan bu xüsusi dizaynların başlanğıc qiyməti 8.340 dollar (təxminən 14.180 AZN) təşkil edir. Seriyanın ən üst modelinin qiyməti isə 10.130 dollara (təxminən 17.220 AZN) qədər yüksəlir.
Korpusun yığılmasında aviasiya standartlarına uyğun titan, 24 karatlıq qızıl örtük, xüsusi kompozit yaşıl yaşma daşı (jade) və dözümlülüyü artıran döymə karbon (forged carbon) istifadə olunub.
Bu kolleksiyadakı hər bir model dünyada cəmi 99 ədəd istehsal olunacaq və cihazların üzərində unikal istehsal nömrəsi həkk ediləcək.

