"Apple" 2026-cı ildən etibarən "App Store" platformasında reklamların həcmini genişləndirməyi planlaşdırır.
Gent.az xəbər verir ki, Şirkətin rəsmi açıqlamasına görə, yeni reklam formatları tətbiqlərin axtarış nəticələri siyahısının daxilində, yəni adi tətbiqlər arasında yerləşdiriləcək. Hazırda mövcud olan reklamlar isə əvvəlki kimi axtarış nəticələrinin yuxarı hissəsində qalacaq.
"Apple" reklam tərəfdaşlarına göndərdiyi məlumatda bildirib ki, yeni reklam sahələrində görünmək üçün əlavə texniki və ya inzibati addımlar tələb olunmur. Bununla yanaşı, reklam verənlər bu mövqeləri ödəniş etməklə prioritetləşdirə bilməyəcəklər.
Şirkət vurğulayır ki, əsas seçim meyarı yenə də tətbiqin axtarış sorğusu ilə uyğunluğu olacaq. Başqa sözlə, istifadəçinin axtardığı mövzu ilə əlaqəsi olmayan tətbiqlər, ayrılan büdcənin həcmi nə qədər böyük olsa da, reklam kimi göstərilməyəcək.
Reklam verənlər əvvəlki kimi müxtəlif vizual formatlardan istifadə edə biləcək. Bu isə fərqli auditoriyalar və açar sözlər üçün uyğunlaşdırılmış reklam məzmunu hazırlamağa imkan yaradacaq. Əgər xüsusi dizayn təqdim olunmazsa, "Apple" avtomatik olaraq tətbiqin məhsul səhifəsinə əsaslanan standart reklam formatını tətbiq edəcək.


