Azərbaycanda istismara yararsız avtomobillərin utilizasiyası prosesi ölkənin avtomobil parkının yenilənməsi baxımından vacib addımlardan biri kimi qiymətləndirilir.
Gent.az xəbər verir ki, Köhnə nəqliyyat vasitələrinin dövlətə təhvil verilməsi müqabilində vətəndaşlara təklif olunan kompensasiya və güzəşt mexanizmləri hazırda ictimai müzakirələrin əsas mövzularından birinə çevrilib. Bu təşəbbüs həm ətraf mühitin qorunmasına, həm də yollarda hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir.
Nəqliyyat sahəsi üzrə ekspert Aslan Əsədov Demokrat.az-a verdiyi açıqlamada qeyd edib ki, köhnə avtomobillərin utilizasiyası dünyanın bir çox ölkəsində müsbət təcrübə kimi qəbul edilir və yüksək dəyərləndirilir.
“Azərbaycanda da bu proses vətəndaşlar tərəfindən eyni müsbət qarşılanır. Vətəndaş köhnə maşınını dövlətə təhvil verir, dövlət isə bunun əvəzində müxtəlif güzəştlər tətbiq edir. Bu güzəştlərə gömrük rüsumlarının endirilməsi, yerli istehsal avtomobillərinin alınması üçün aşağı faizli kredit və lizinq imkanları daxildir. Ölkəmizdə utilizasiya proqramları ilə yanaşı, elektromobillər, hibrid və digər ekoloji təmiz nəqliyyat vasitələri üçün gömrük rüsumlarının bir neçə il ərzində praktiki olaraq sıfırlanması kimi addımlar atılıb. Nəticədə bir çox vətəndaş daha müasir və ətraf mühitə zərəri az olan avtomobillərə keçid edə bilib, bu da ümumilikdə avtomobil parkımızın yenilənməsini sürətləndirib”, – deyə ekspert vurğulayıb.
Aslan Əsədov əlavə edib ki, əldə olunan nəticələr hələ tam arzuolunan səviyyəyə çatmayıb.
“Qarşıdakı illərdə bu istiqamətdə daha genişmiqyaslı proqramların həyata keçirilməsi planlaşdırılır. Bu proqramlar avtomobil parkımıza yeni texnologiyalar və müasir nəqliyyat vasitələri gətirəcək. Nəticə etibarilə, avtomobil parkının yenilənməsi həm yeni avtomobillərin ölkəyə daxil olmasını, həm də texnoloji inkişafı stimullaşdıracaq. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu proses müsbət qarşılanır və gələcəkdə daha geniş dəstək qazanacağı gözlənilir”.

