"Avtomobil şinləri müxtəlif temperatur şəraitlərində istismar olunmaq üçün dizayn edilir.
Gent.az xəbər verir ki, bu barədə "İzvestiya" nəşri "Cordiant" şirkətlər qrupunun mütəxəssislərinə istinadən məlumat yayıb.
Ekspertlərin fikrincə, ən yüksək hərarət göstəriciləri bir neçə faktorun üst-üstə düşməsi - kəskin isti hava, qızmış asfalt örtüyü, maşının həddindən artıq yüklənməsi, sabit yüksək sürət və ya tez-tez əyləcdən istifadə zamanı qeydə alınır:
"Bu, şinlər üçün ən çətin sınaq hesab olunur. Magistral yolda idarəetmə zamanı şin hərəkət zamanı yaranan sürtünməyə görə qızırsa, əyləcləmə zamanı əlavə olaraq əyləc sisteminin detallarından da istilik alır. Belə ekstremal şəraitdə həddindən artıq isinmiş şinlərin protektorları daha intensiv aşınmaya məruz qalır. Həmçinin əvvəllər təmir edilmiş və ya təzyiqin aşağı olması kimi istismar qaydaları pozulmuş təkərlərdə daxili zədələnmə təhlükəsi yüksəlir. Şinlərin təzyiqi 1-1.5 atmosferə qədər enibsə (bunu vizual olaraq hər zaman fərq etmək mümkün deyil), yolda onsuz da qızmış təkərin daha da istilik toplaması baş verəcək".
Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu hal şinin sıradan çıxması və ya hərəkət zamanı partlaması ilə nəticələnə bilər. Nəzərə almaq lazımdır ki, isti havada təkərlərdə təzyiqin qalxması tamamilə normaldır və bu təzyiqi süni şəkildə azaltmaq məsləhət görülmür:
"İsti hava şəraitində şinlərdən istifadənin qızıl qaydası - səfərə çıxmazdan öncə mütləq soyuq vəziyyətdə təkərlərdəki təzyiqi manometrlə yoxlamaqdır. Eyni zamanda yüksək sürətlə hərəkət edirsinizsə, hər 3-4 saatdan bir avtomobili saxlayaraq 30 dəqiqəlik fasilə vermək tövsiyə olunur. Sürət nə qədər çox olarsa, dayanma tezliyi və müddəti də buna uyğun artırılmalıdır".

