Rusiyanın Krasnoyarsk şəhərində qalmaqallarla tanınan məşhur yerli bloqer növbəti dəfə sürət həddini keçərək polislərin diqqətini cəlb edib.
BiG.AZ ren.tv-yə istinadən xəbər verir ki, polislərin təqibindən qaçarkən çəkiliş edən bloqer həmin kadrları dərc edib.
Videoda göründüyü kimi, maşının sürəti saatda 200 km-i ötür. Sürücü qırmızı işıqda keçir, qarşısına polis çıxdıqda isə, avtomobili arxaya sürərək "aradan çıxır".
Daha bir neçə yol hərəkəti qaydasını pozan "avtoş"un arxasıyca 3 polis avtomobili düşsə də, o, qurtula bilib.
Bir müddət sonra dərc etdiyi videoda isə bloqer "Skoda" markalı avtomobilinə dəyən ziyanı nümayiş etdirib.
Qeyd edək ki, iki il əvvəl bloqerə belə hərəkətlərinə və qanun pozuntularına görə 30 sutka həbs cəzası verilib və hətta 2025-ci ilə qədər o, sürücülük vəsiqəsindən məhrum edilib.
Bütün bunlara baxmayaraq, avtoxuliqan sükan arxasına yenidən oturmaqdan çəkinmir.