Əvvəllər kişilərin moda həftələrində nümayiş olunan dekolteli, çiçək naxışlı və ya rəngarəng paltarları gördüyümüz zaman bunun şou məqsədli olduğunu düşünürdük. Ola bilər ki, əvvəlcə dizaynerlər bu cür geyimləri şou üçün hazırlayırdılar, amma indi dəb dünyasında qadın və kişi arasındakı fərq getdikcə yoxa çıxır. Hazırda moda aləmində kişilərin zövqlərini, üslublarını, dünyagörüşlərini daha asan ifadə edə bildikləri və eyni tərz, eyni rəngli kostyumlardan xilas olduqları azadlıq dövrü yaşanılır. Bu səbəbdən Azərbaycanda da dəb sahəsində yeniliklər özünü göstərir.
Müasir Azərbaycan kişiləri də həvəslə dəb tendensiyalarını izləyir, qarderoblarını vaxtaşırı yeniləyirlər. 2020-2021-ci illər payız-qış kişi dəbinə nəzər salanda fərqli bir trend – bəbir naxışları gözə çarpır.
Belə dizaynlı paltar geyinən ilk kişinin şəxsiyyəti bizə məlum olmasa da, çox güman ki, o, həqiqi bir bəbirlə ölüm-qalım mübarizəsini qazandıqdan sonra cəsarət və bacarığının göstəricisi kimi ovladığı heyvanın dərisinə bürünüb. 18-ci əsrdə isə bəbir dərisindən hazırlanmış kürklər zənginlik və göstəriş simvolu olaraq krallara hədiyyə edilirdi. 60-cı illərdə sintetik parçaların meydana çıxması ilə bərabər bu naxışlı modellərin istehsalı xeyli asanlaşdı və daha ucuz oldu. 1970-ci illərdə bu dizayn Kit Riçards və Rod Stüart kimi rok ulduzları ilə yenidən məşhurlaşdı. Bu il isə italyan “Dolce & Gabbana” markası bu dizaynı tropik naxışlar və safari ruhu ilə birləşdirərək iddialı görünüşlər yaratmağı bacardı.
Yeni sezonda Bakının bir çox mağazalarının vitrinlərində bəbir dərisi naxışlı paltar və aksessuarları tez-tez görəcəyimiz məlumdur.
Bu geyimləri uyğunlaşdırmaq çox vaxt tələb edir. Bir çox kişilərin alış-veriş mövzusundakı səbirsizliklərini nəzərə alaraq bəzi tövsiyələri sizinlə bölüşürük:
Qarışıq rənglərdən uzaq durun
Bəbir naxışı təklikdə olduqca güclü və iddialıdır. Onu başqa bir naxış, ya da ekstravaqant rənglərlə birləşdirmək çox risklidir.
Cinslərlə uyğunlaşdırın
Cinslər hər kəsin xilasedicisi olaraq qəbul edilir. İdman üslubunu sevən kişilər rahatlıqla cinslərin üzərinə belə dizaynlı köynəklər geyinərək zövqlü görünə bilərlər.
Qara rəng işinizi asanlaşdıracaq
Qara rəng heç zaman dəbdən düşmür. Hətta ən çılğın rənglərin dəb olduğu illərdə belə bu rəng öz aktuallığını qoruyub saxlaya bilib. Bəbir naxışlı geyimlərinizi qara ilə birlikdə istifadə edərək bütün diqqətləri üzərinizə çəkə bilərsiniz.
Amma unutmayın ki, bəbir dərisi dizaynını istifadə etmək olduqca çətindir. Əgər geyimlərinizdə istifadə etmək istəmirsinizsə, xırda detallarla da trendə qoşula bilərsiniz. Bu dizaynı yeməyinizi dadlandıran ədviyyat kimi düşünün.