Yaxın gələcəkdə demək olar ki, hər bir obyekt internetə qoşulu hala gələcək. Avtomobillər, avtobuslar, yük nəqliyyat vasitələri, gəmilər sürücüsüz olacaq, süni zəka ilə avtonom işləyə biləcəklər. Bəs bu mexanikiləşmədən təsirlənməyəcək gələcək vəd edən peşələr hansılardır?
"Business Insider" ilə birlikdə apardığı araşdırmanın nəticələrini paylaşan məşhur iqtisadçı Mariano Mamertino rəqəmsallaşmadan təsirlənməyəcək peşələri açıqlayır:
Aşpazlar
İlk sırada aşpazlar yer alır. Hər nə qədər təəccüblü görünsə də, əslində səbəb çox sadədir. Nə indi, nə də gələcəkdə yeməkdən əl çəkməyəcəyik. Sosiallaşma faktoruna görə, robotlar üçün bu, qeyri-mümkün bir peşədir. Eyni zamanda, aşpazın yaradıcılığını, əl ləzzətini, texnikalarını öyrənmək də süni intellekt üçün real görünmür.
Kommunikatorlar, marketoloqlar və dizaynerlər
Bildiyiniz kimi kreativ düşüncə tərzi insana xas özəllikdir. Robotların bunu öyrənməsi imkansızdır. Odur ki, bu sahələrə marağınız varsa, rahatlıqla seçim edə bilərsiniz, sektorun sizin yerinizə işlədə biləcəyi bacarıqlı robotları yoxdur.
İnsan resursları mütəxəssisi
Qloballaşan iş bazarında insan resursları mütəxəssislərinin əhəmiyyəti gün keçdikcə artır. Bir vəzifəyə ən uyğun namizədi tapmaq hər zaman çox vacibdir. Emosional zəkaya sahib olmaq isə bu peşənin ən vacib meyarlarından biridir və bu meyar robotlarda yoxdur.
Psixiatriya
Emosional zəkanın önəmli olduğu bir digər sahə də psixiatriya sahəsidir. Psixiatriya hər zaman ehtiyac duyulacaq və güclü ünsiyyət, empatiya, etibar qazana bilmə bacarığı tələb edən bir sahədir. Bu sadalananlar isə bir robot üçün çoxdur.
Yazarlıq
Roman, hekayə, ssenari, ağlınıza nə gəlirsə… Yazarlıq hələ uzun müddət insanlara məxsus sahə olaraq qalacaq. Bir yazar üçün ən əvəzedilməz xüsusiyyət geniş təxəyyül bacarığıdır, lakin hələ süni intellekt bu qabiliyyətə sahib deyil.
Data üzrə mütəxəssis
Data necə də süni intellekt üçün uyğun bir peşə kimi səslənir, elə deyil? Amma bu, səhv fikirdir. Data mütəxəssisi olmaq üçün kodları və alqoritmləri yaxşı analiz etmək kifayət deyil. Bu işdə elmi təcrübə də tələb olunur. Təcrübə dediyimiz şey isə robotlarda mövcud deyil.
Kibertəhlükəsizlik
Kibertəhlükəsizlik sahəsindəki məlumatlar olduqca qəribədir. Burada işəgötürənin tələbi müraciətlərin sayından çoxdur. Anlayacağınız kimi bu, gələcəyin ən çox tələb olunan peşələrindən biridir. Tələb bu qədər çox olduğu halda, bu işin robotlara həvalə edilməsi çox kiçik bir ehtimaldır.