Mütəxəssislərin fikrincə, möhkəm və uzunömürlü ailə münasibətinin təməli açıq ünsiyyətdən başlayır.
Gent.az xəbər verir ki, toydan əvvəl bəzi mühüm məsələlərin müzakirə olunması gələcəkdə yarana biləcək fikir ayrılıqlarının qarşısını almağa kömək edir.
1. Maliyyə məsələləri
Tərəflər gəlirləri, xərcləri, qənaət planları və mümkün borclar barədə bir-birinə qarşı açıq olmalıdırlar. Büdcənin necə idarə ediləcəyi və maliyyə məsuliyyətinin bölüşdürülməsi öncədən razılaşdırılmalıdır.
2. Karyera və gələcək planlar
Hər iki tərəfin peşəkar hədəfləri, iş qrafiki və gələcəklə bağlı planları münasibətlərə təsir göstərə bilər. Bu səbəbdən karyera prioritetləri barədə danışmaq vacibdir.
3. Uşaq sahibi olmaq məsələsi
Cütlüklər uşaq sahibi olmaq istəyib-istəmədiklərini, neçə uşaq arzuladıqlarını və onların tərbiyəsi ilə bağlı baxışlarını əvvəlcədən müzakirə etməlidirlər.
4. Ailə və qohumlarla münasibətlər
Valideynlər və digər ailə üzvləri ilə münasibətlərin sərhədləri müəyyənləşdirilməlidir. Bu, sonradan yarana biləcək narazılıqların qarşısını almağa kömək edir.
5. Məişət və ev işləri
Evin idarə olunması, gündəlik işlərin bölgüsü və məsuliyyətlərin paylaşılması barədə razılıq əldə etmək ailədaxili harmoniyanı gücləndirir.

