Uilyam Şekspirin məşhur "Otello" əsərini xatırlayırsınız?
Orada Otello xanımı Desdemonanın onu aldatdığını düşündüyü üçün yoldaşını haqsız yerə öldürür. Sonradan həyat yoldaşının günahsız olduğunu biləndə “Mənim üçün ağılsızca, amma çox sevən biri deyin. Asan qısqanmayan, amma bir dəfə qısqandısa, özünü itirən, biri deyə bəhs edin” deyir və özünü də öldürür.
Bu epizodu xatırlamağımız əbəs yerə deyil, bu gün adını bu pyesdən götürən bir xəstəlik - “Otello sindromu” haqqında danışacağıq.
“Otello sindromu” yaşayan insanlar özünü və sevdiyini yoracaq bir şəkildə sahiblənərək baş verəcək bədbəxtçiliklərdən qoruma altına alır. Bu qısqanclıq, yaşanan pis bir hadisə nəticəsində adamın sevdiyi şəxsi sədaqətsizliklə günahlandırması ilə ortaya çıxır. Bu sindromun təməlində özgüvən əksikliyi durduğu iddia edilir. Əgər birinin keçmişində tərkedilmə hadisəsi varsa, bu insanlarda bu sindrom daha çox görülür. Kişilərdə bu hal daha çox hərəkətlərində şiddət və cinayət olaraq üzə çıxır. Bu sindroma tutulan insanlar olmayan şeyləri olmuş kimi düşünürlər. Həyat yoldaşını və ya sevgililərini davamlı olaraq izləyib hər hərəkətlərini araşdırırlar.
Qısaca desək, “Otello sindromu” patoloji qısqanclıqdır və şəxsin aşiq olduğu insanı xəstəlik dərəcəsində qısqanması kimi xarakterizə olunur.
“Otello sindromu”nun göstəriciləri isə bunlardır:
- Xəyanətdən qorxmaq
- Hamıdan və hər şeydən qısqanmaq, sərhəd qoymaq
- Ayrılığı qəbul etməmək, bunu dünyanın sonu imiş kimi görmək
- Hər şeyə həddindən artıq reaksiya vermək
- Şiddətə meyillilik, əsəblərini cilovlaya bilməmək
Bu xəstəlik hər nə qədər təhlükəli olsa da, müalicəsi var. Sindromun müalicəsi ən az 4 ay, ən çox 2 il davam edir. Lakin bu rəqəmlər şərtidir. İnsanın müalicəyə necə cavab verməsi ilə əlaqəlidir. Müalicə prosesində əvvəlcə, xəstənin başqa psixoloji problemləri olub-olmadığı araşdırılır, sonra fərdi müalicə planı tərtib olunur. Psixoloji söhbətlərlə yanaşı, xəstə dərman müalicəsi də alır. Xəstəlikdən sağalma faizi yüksək olsa da, əksi də bir ehtimaldır. Bu, xəstəliyin hansı mərhələdə olmasından asılıdır.
Özündə qısqanclığın təhlükəli hal aldığını görən adamlara mütəxəssisə müraciət etmək tövsiyə olunur. Sağlam düşünə bilməyən, dəliyə dönən adam həm özü, həm də ətrafı üçün təhlükə yaradır. Sonu ölümlə nəticələnən hadisənin baş verməyəcəyi də istisna edilmir.
Şekspir bu əsəri 1604-cü ildə yazsa da, əsərdəki problemlər bugün də aktualdır. Əsər həm də göstərir ki, qısqanclıq hər zaman sevginin əlaməti olmur, bəzən həddindən artıq qısqanclıq ciddi psixoloji xəstəliyə işarə edir.