Gün ərzində əllərin çox tərləməsi həm görünüş, həm də hissiyyat baxımından narahatlıq yaradır. Əl tərləməsi xəstəlik əlaməti ola bildiyi kimi digər səbəblərdən də yarana bilər.
Əgər toxunduğunuz əşyalarda su damcıları qalırsa, əli salfetlə sildikdə salfet islanırsa, bu, xəstəlik xəbərçisidir. Əllərin bu cür tərləməsi zamanı mütləq həkim müayinəsindən keçmək lazımdır.
Tər sadəcə dərinin üst təbəqəsini nəmləndirirsə, amma yenə də özünüzü narahat hiss edirsinizsə, bəzi təbii üsullarla bu problemdən xilas ola bilərsiniz.
Pomidor
Əl tərləməsi zamanı pomidordan 2 şəkildə faydalana bilərsiniz. Bu qidanın həm suyunu içmək, həm də onu əlinizə sürtmək effektli olacaq. Pomidor tərkibindəki maddələrə görə bədəni soyudur, tər məsamələrinin sıxlaşmasını təmin edir.
Ədviyyatlar
Çox ədviyyatlı və acı qida istehlak etmək əl tərləməsini qaçınılmaz edəcək. Bu qidalar bədən istiliyini artıraraq tərləməyə səbəb olur. Bu qayda soğan, sarımsaq və duzlu yeməklər üçün də aktualdır. Xüsusilə, yayda bu məhsullardan çox istifadə etməmək məsləhətdir.
Qara çay
Tərkibində tanik turşusu olan qara çay tərləməni azaldır. Nəmli çay paketini ovuclarınızda 15 dəqiqə saxlamaq kifayətdir. Hazır çay yoxdursa, dəmlədiyiniz qara çayı bir az soyutduqdan sonra əllərinizi yuya da bilərsiniz. Mütəmadi olaraq tətbiq edəcəyiniz bu metodla fərqi özünüz hiss edəcəksiniz.
Alma sirkəsi
Dərinin pH səviyyəsini tarazlaşdıra bilmə xüsusiyyətinə sahib olan alma sirkəsi bu mövzuda da effektivdir. Məsamələri sıxlaşdıraraq tərləməni azaldan alma sirkəsini su ilə qarışdıraraq içə, eyni zamanda əllərinizi yuya bilərsiniz. Əgər əllərinizi sirkəli suda saxlamağı planlaşdırırsınızsa, 5 dəqiqəni keçməməyə diqqət yetirin.
Stress
Sağlam bir həyat yaşamaq istəyirsinizsə, həyatınıza stressin daxil olmasına imkan verməyin. Stress bir çox xəstəliyə səbəb olduğu kimi tərləməyə də gətirib çıxarır. Təkcə stress yox, əsəb, narahatlıq, həyəcan kimi hallarda da daxili temperatur artır, nəinki əlləriniz, bütün bədəninizin tərləməsi ilə nəticələnir. Dərindən nəfəs almaq, diqqəti başqa istiqamətə yönəltmək sizə kömək edə bilər.
B vitamini
B vitamininin kifayət qədər qəbul edilməsi də bədən istiliyini tarazlamağa, əl tərləməsinin qarşısını almağa kömək edir. Hazır vitamin həbləri içə və ya B vitamini ilə zəngin qoz, fındıq, yer fıstığı, lobya, mərcimək istehlak edə bilərsiniz.