Sap, mum, gil, xüsusi maye, depilyasiya, şuqarinq, epilyasiya – həmişə qadınların üz tutduğu, üz və bədəndə artıq tüklərin təmizlənməsi proseduru olub. İlk dəfə bədəndən tük təmizləmək metodunun yaşı min illər əvvələ gedib çıxır. Çox ağrılı, əziyyətli olan bu prosedura ancaq qadınlar gözəllik naminə dözərdilər.
Lazeroloqların qapısını indi kişilər də döyür. Gent.az araşdırır: Azərbaycanda bədənindəki tükləri lazerlə yox edən kişilər çoxdurmu? Epilyasiya işi ilə məşğul olan mütəxəssislər 90% qadın olsalar da, maraqlıdır ki, kişilər qadın qarşısında soyunub bədənindəki tükləri yandırmaqdan çəkinmir.
Artıq tələbat olduğundan kişi lazeroloqlar da ixtisaslaşmağa başlayıb. Şəhərin məşhur brend gözəllik, estetik mərkəzlərində kişilər üçün lazer kabineti var. Hətta öyrəndiyimizə görə, Hövsanda kişi lazeroloq kiçik kabinet açaraq, kişi müştərilərə xidmət göstərir.
Qolaltı lazer – can rahatlığı
Bəs necə oldu ki, kişilər epilyasiya metoduna üz tutdu? Tanınmış lazeroloqlardan olan Sədaqət Mehdiyeva bildirir ki, əvvəllər lazerə ancaq model oğlanlar, idmançılar, məşqçilər, kişi cinsindən olsalar da qadın kimi yaşayan translar müraciət edərdi. “Sonra yavaş-yavaş normal hesab edilən kişilər, hansı ki, bu vaxta qədər ülgücdən başqa bir vasitəni qəbul etməzdilər, gəlməyə başladı. Əvvəl bakenbard hissə, boyunun arxasındakı haşiyənin ətrafı, qulaqların arxası, çənənin altı, gözlərin altındakı seyrək, qaraltı verən nahiyələr təmizlənirdi. Sonra iştaha artdı: kürəkdə testosteron çoxluğundan mayka kimi tüklənmə, qarının üstü, çiyinlərin üstü, qolaltına keçdilər”.
İntim lazer – Bir yanlış hərəkətlə...
2020-ci ildə ilk dəfə olaraq Bakıda qadınların “bikini epilyasiya” dediyi intim lazer kişilərin də diqqətini çəkdi. Bir neçə kosmetoloq kişilərin intim lazer etdirmək istədiyini, lakin utandıqlarını, eləcə də lazeroloqun qadın olması səbəbindən bundan imtina edildiyini bildirdi. “Açığı kişilərin intim nahiyəsində lazer etməkdən çəkinirik. Bilirsiz ki, lazer şüadir, dərini yandıra bilər. Kişilərdə cinsiyyət üzvləri xaricdə olduğu üçün bu risklidir. Bir yanlış hərəkət kişinin intim həyatını məhv edə bilər. Ona görə kişilər bu istəkdən vaz keçsə yaxşıdır”
Hazırda kişilərin ən çox lazer etdirdiyi nahiyələr:
- Qolaltı
- Boyun, üz
- Kürək, çiyin
- Qarın
- Budlar
Qeyd edək ki, lazer epilyasiyası tibbi prosedurdur və fəaliyyət üçün tibbi fəaliyyət lisensiyası tələb olunur.
Qadınlar daha tüklü kişiləri bəyənmir?
Deyəsən, tüklü kişilər tarixə qovuşur. “Kişi nədir, ağ maya bədən nədir, kişi meymundan bir az fərqli olar” düşünən o köhnə xanımlar dövrü getdi. İndi qadınlar öz etibar etdikləri lazer mərkəzini və ustasını kişiyə tövsiyə edir. Qadınlar deyir ki, kişilər də artıq tüklərə görə kompleksə düşür. Qolaltının təmizliyi də çox gigiyenikdir. Qadınlar lazerə gedən kişiyə normal baxır və lazerdə gender bərabərliyinin tərəfdarıdır. “Kim deyir ki, lazer, epilyasiya ancaq qadınların olmalıdır. Tüklü və tər iyi verən kişi indi heç kimə xoş deyil. Texnika var, yer var, imkan var, niyə də canının rahatlığı üçün lazer etməsin?”
Kişilər ağrıdan ağlayır
İlk dəfə lazerə gələn kişi ağrının təsirindən qışqırır, dişini dişinə sıxsa da, gözlərindən yaş çıxır. Lazeroloqlar bunu normal qarşılayır. Xüsusən incə üz dərisində lazer çox ağrılıdır. Ağrı müasir aparatlarda, xüsusən soyuq rejimdə və buzla işləyən cihazlarda daha azdır. Köhnə Aleksandrit avadanlığı ilə lazer dözülməz ola bilər. Kişilər daha çox ağrıkəsici gel, krem çəkdirir. Hətta özləri ilə ağrıkəsici krem alıb gətirir, lazerdən öncə və sonra bədənə çəkirlər.
Kişini lazer etdikdə nələr nəzərə alınmalıdır:
- Kişilərin dərisi daha qalındır, tüklərin kökü dərindədir. Tükün strukturu sərtdir, qalındır, ona görə kişilərdə lazerin dərəcəsini yüksək etmək və bir nahiyəyə daha çox işıq yönəltmək lazımdır. Bir nahiyədə tüklərin zəifləyib, daha gec çıxması üçün kişilər qadınlardan daha çox və tez-tez lazerə gəlməlidir
- Kişi hormonları tükləri aktiv uzatdığından, kişilər üçün lazerin effekti qısa çəkir
- Kişilərdə tük sıx və kökü olduğundan, prosedur daha ağrılı və dəridə qızarma çox olur
- Kişilər daha çox tərləməyə meyilli olduğundan, yay aylarında qolaltı, kürək nahiyənin tərləməsini və kəskin qoxunu azalda bilər.
Kəllə-paça iyinin izi ilə
Sədaqət xanım deyir ki, kişilər adətən işdən sonra və səhər tezdən yazılır ki, qadınlarla rastlaşmasınlar. Amma lazer otağında kişiyə xidmət etdiyi dərhal hiss olunur. Kişilərin tükü cod olduğundan tüklər yandırılan zaman çox kəskin, kəllə-paça iyinə bənzər qoxu yayılır. Bu da qadın pasiyentləri narahat edir. Ona görə çox yerlər kişilərə imtina etməli olur. Yaxşı olar ki, ayrıca kişi lazer mərkəzləri və kişi lazeroloqları olsun”.
Qiymət daha bahadır
Kişilərdə lazer dalğası istifadə edildiyindən, eləcə də vaxt çox apardığından qadınlara nisbətən qiymətlər baha olur. Həm də kişiləri az sayda qadın lazeroloq qəbul etdiyindən, qiymət bir qədər bahalaşır. Nahiyəsindən asılı olaraq, bir nahiyənin qiyməti 10 - 30 manat arası dəyişir Bütün bədən 100-120 manata başa gəlir. Bu bir dəfə üçün qiymətdir. Lazer isə seanslarla olunur, ən azı 10 dəfə fasilələrlə getmək lazımdır.
Kişilərin lazerə üstünlük verməsi həm də can rahatlığıdır. 2 gündən bir üz, boyun təmizləyən kişilər bundan bezir və həftənin çox hissəsini tüklərlə mübarizəyə sərf edir.
Lakin burda da kişi xarakteri, fiziologiyası və bəzi ənənə çərçivələri qorunsa yaxşıdır. Kişi qadından fərqlənməlidir, ya yox?!