Mütəxəssislər müəyyən şərtlər altında insan bədənində baş verən dəyişiklikləri göstəriblər.
ABŞ-ın “Fellowes Brands” şirkəti qeyri-komfort şərtlərdə oturaq həyatı yaşayan insanların bədənində baş verən dayişiklikləri əks etdirən qrotesk mum heykəli hazırlayıblar.
Bundan öncə mütəxəssislər Avropanın bir neçə ölkəsində çalışan 3 mindən çox ofis işçisindən hansı sağlamlıq problemləri ilə üzləşdikləri barədə sorğu keçiriblər.
Onların əksəriyyəti miqrendən, bel və göz ağrılarından şikayət ediblər. Bundan əlavə, onların əksəriyyəti artıq çəki yığıb və görmə qabiliyyətləri zəifləyib.
Bu məlumatlar əsasında hazırlanan ofis əməkdaşı Emma adını alıb. O “sizin gələcəkdəki həmkarınızdır”. Emma 20 il ofisdə “çalışıb”, uzun müddət kompüter arxasında keçirib və heç bir fiziki işlə “məşğul olmayıb”.
Daim oturaq vəziyyət səbəbindən onun onurğası əyilib, qan dövranın pisləşməsi damarların varikoz genişlənməsinə gətirib çıxarıb, təbii işıq mənbəyinin azlığı onun dərisinə qeyri-sağlam çalar qatıb, artıq çəkisi var, havanın keyfiyyətsizliyi isə burun və qulaqlarda tüklərin uzanmasına səbəb olub.
Layihənin müəlliflərindən biri olan Uilyam Hayem qeyd edir ki, insanlar kompüter arxasında işlədikdə mütəmadi olaraq fasilə etməlidirlər, daha az oturmalıdırlar, və kiçik məşqləri yaddan çıxarmamalıdırlar. Onlar gərək arada-sırada iş yerini tərk edib gəzməlidirlər.