Psixoloq və narahatlıq pozğunluğu üzrə mütəxəssis Mett Sautvord çətin zamanlarda ayaqda qala bilməyin və çətinlikləri dəf etməyin yolları barədə danışıb.
Kentukki Universitetinin internet saytı üçün verdiyi müsahibədə o, qeyri-müəyyənliyin hökm sürdüyü zamanlarda sakitliyi qorumağı tövsiyə etməklə yanaşı bu qeyri-stabil şəraitə adaptasiya olmağın üsullarını da açıqlayıb.
Mütəxəssis iddia edib ki, əgər daim qorxularla üz-üzə gəlsən, bu zaman onlar zəifləyir və daha az narahat etməyə başlayır. Sautvord sizi qorxudan hadisələr və onların nəticələri barədə düşünməkdən qorxmamağı tövsiyə edib. Onun sözlərinə görə, bu, hadisələri çox kəskin deyil, daha yumşaq şəkildə qavramağa kömək edəcək.
Sautvord həmçinin enerjinizi sizi əhatə edən insanlara yönəltməyin önəmini vurğulayıb ki, bu da yalnız şəxsi problemlər üzərində konsentrasiya olmağın qarşısını alınmasına zəmin yaradır. Onun fikrincə, əhvalı yüksəldən bəzi əşya və məşğuliyyətlərə daha çox diqqət yetirmək və tez-tez keçmişdəki çətinliklərin dəf olunmasında əldə olunan nailiyyətləri xatırlamaq faydalı ola bilər.