Depressiya yaşından, etnik mənşəyindən, sosial-iqtisadi vəziyyətindən və ya cinsindən asılı olmayaraq, hər kəsdə müşahidə oluna bilən ciddi, lakin müalicəsi olan tibbi vəziyyətdir.
Ancaq xroniki bədbinlik və depressiya, sanki sadəcə qadınlara məxsus bir problem kimi görülür. Çünki depressiyanı zəiflik əlaməti olaraq düşünən insanlar bu xüsusiyyəti daha çox qadınlarla əlaqələndirirlər. Lakin bu hala kişilər arasında da tez-tez rast gəlmək mümkündür.
"Kişi güclü olmalıdır", "kişilər ağlamaz" kimi stereotiplərin mövcud olduğu cəmiyyətimizdə isə bu problemi yaşayan insanlar bunu öz ətraflarından gizlətməyə çalışırlar.
Mütəxəssislərin məlumatına görə, kişilərdə depressiya müxtəlif formalarda baş verir. Beləliklə də, bunun fərqinə varmaq və diaqnoz qoymaq çətinləşir. Çox vaxt insan özünün depressiyaya düşdüyünü belə bilmir.
Bu yazımızda ən çox rast gəlinən depressiya əlamətlərini sizinlə bölüşürük:
Mənfi öz imic - Çatışmazlıq hissi
Depressiyada olan kişilər özlərinə qarşı sərt davranırlar. Həmişə bütün günahı və qüsuru özlərində görürlər. Müəyyən bir məqsəd üçün çalışsalar da, özlərini qeyri-kafi hiss edirlər. Çatışmazlıq hissi isə depressiyanı daha da dərinləşdirir.
Eyni zamanda, kişilər özlərini qadınlara nisbətən daha müstəqil hesab edirlər. Azadlıq, hür iradə və müstəqillik onlar üçün ehtiyacdır. Depressiyada olanda isə bu ehtiyac və istəklər özgüvən çatışmazlığı səbəbindən azalır.
Ümumiyyətlə, özünə inamsızlıq cinsiyyətdən asılı olmadan meydana gələn depressiya əlamətidir.
Boşluq hissi və qeyri-adi davranışlar
Depressiyada olan kişilər boşluq hissindən əziyyət çəkirlər. Çox vaxt bu duyğu hər kəsdən gizlətməyə çalışdıqları dərin bir itki hissi ilə müşayiət olunur.
Bu problemi yaşayan kişilər emosional olaraq qeyri-sabit olur və adi haldan fərqli davranırlar. Bu vəziyyət isə onlar üçün içindən çıxa bilməyəcəkləri hal alır.
Sosial, cinsi və iş fəaliyyətlərində artım
Kişilərdə depressiyanın ümumi simptomlarından biri də eskapizm vəziyyətidir. Yəni onlar reallıqdan qaçaraq illüziyalar aləminə qapılırlar.
Kişilər depressiyaya düşdükdə daha çox işləyirlər, daha çox gəzirlər və daha çox cinsi münasibətdə olurlar. Onları buna məcbur edən şey isə hər zaman məşğul olmaq arzusudur. Bununla da öz düşüncələrinə və problemlərinə daha az fokuslanırlar. Mütəxəssislər bu qaçış taktikasının iki məqsədi olduğunu müəyyən ediblər:
- Şüurlu: Bütün narahatlıq və qayğılardan xilas olmaq üçün daima məşğul olmaq arzusu meydana çıxır.
- Duyğusal: Digər işlərlə məşğul olmaq və diqqəti yayındırmaq depressiyanın səbəb olduğu boşluq hissini minimuma endirir.
Özünə zərər vermək və intihar
Şiddətli depressiya yaşayan kişilərin böyük əksəriyyəti özlərinə zərər verən davranışlar nümayiş etdirir və ya intihar edir.
Özünə zərər verməyin ən geniş yayılmış forması isə dərmanlar, narkotik vasitələrdir.
Kişilər özlərinə qəzəbləndikləri üçün belə hərəkət edirlər. Hətta bəzən bu hisslər o qədər ifrat həddə çatır ki, intiharla da nəticələnə bilir.
Bu mövzu ilə bağlı araşdırmalar aparan avstraliyalı psixoloq Dorothy Rowe bu vəziyyəti belə təsvir edirdi:
"Depressiya içində həm məhkum, həm də qəddar bir gözətçi olduğunuz həbsxanaya bənzəyir".
Neqativ fikirlər
Depressiv kişilər dünya və özləri haqqında danışarkən mənfi perspektiv sərgiləyirlər. Bu səbəbdən, neqativ dildən istifadə depressiyanın əlaməti ola bilər.
Bu problemi yaşayan kişilər həm də hər şeyə şübhə ilə yanaşırlar. Onlar hər şeyin zamanla daha da pisləşəcəyini və gələcəkdə sadəcə pis hadisələrin onları gözlədiyini dilə gətirirlər.
Vecsizlik, çarəsizlik və gələcəklə bağlı pessimizm
Depressiyada olan kişilər əvvəllər sevdikləri və maraqlandıqları şeylərə qarşı laqeyd ola bilərlər. Vaxt keçdikcə isə məcburi olmayan bütün fəaliyyətlərə olan maraqlarını itirirlər. Əvvəllər əyləncəli olan şeylər onlar üçün bir yükə çevrilə bilər.
Bu problemlə üzləşən kişilər ya daha çox yatır, ya da normaldan artıq televiziya proqramları, film, serial izləyirlər.
Depressiyanın başqa bir əlaməti də xarici görünüşünə fikir verməməkdir. Adətən, kişilər müxtəlif bəhanələr gətirərək saç və saqqal uzadırlar.
Gələcəyə pessimist baxmaq da depressiyanın əlamətidir. Belə kişilər bir qayda olaraq, şəxsi inkişafları üçün imkanları olmadığını və məqsədlərinə uyğun gəlməyən gözləntilərin onları narahat etdiyini deyirlər.
Depressiyanın əlavə simptomlarına isə aşağıdakılar aiddir:
-
diqqəti cəmləşdirmək qabiliyyətinin zəifləməsi
-
özünə inamın itirilməsi
-
qeyri-adekvat günahkarlıq hissi
-
yuxunun pozulması
-
iştahanın azalması
Sonda bunu qeyd edək ki, insanlar zaman-zaman özlərini hüznlü və bədbəxt hiss edirlər. İşindən ayrılmaq, sevdiyini itirmək və ya müvəffəqiyyətli ola bilməmək hüznə gətirib çıxaran təbii hadisələrdir. Qısaca, hüzn normal həyatın bir parçasıdır. Ancaq bu hüznlü vəziyyətin uzanması və səbəbsiz ortaya çıxması psixoloji problemdir və depressiya olaraq adlandırılır. Kişilərdə depressiyanın ən çətin mərhələsi qəbullanmadır. Bu mərhələdən sonra dərman və ya psixoterapiya üsulu ilə müalicə ala bilərsiniz. Bu, çətin proses olsa da, mümkünsüz deyil.