Gent.az “Facebook”la bağlı maraqlı faktları təqdim edir:
1. "Facebook" 2004-cü ildə "TheFacebook" adı ilə yaradılmış, 2005-ci ildən isə adı "Facebook" olaraq dəyişdirilmişdir.
2. "Facebook" əvvəlcə Harvard Universiteti tələbələri üçün nəzərdə tutulmuş, sonradan digər universitetlərə və nəhayət, bütün dünyaya açıq olmuşdur.
3. "Facebook"un ("Meta Platforms Inc.") baş ofisi ABŞ-ın Kaliforniya ştatında, Menlo Park şəhərində yerləşir. Hazırkı qərargah 1 Hacker Way ünvanında yerləşir və bu yer həm də "Meta"nın texnoloji yeniliklər mərkəzi kimi tanınır.
4. "Facebook"un Avropadakı əsas qərargahı Dublindədir (İrlandiya).
5. "Facebook" 2012-ci ildə "Instagram"ı 1 milyard dollara, 2014-cü ildə isə "WhatsApp"ı 19 milyard dollara satın almışdır.
6. 2021-ci ildə "Facebook" öz ana şirkətinin adını "Meta" olaraq dəyişdi. Bu, virtual reallıq və metaverse layihələrinə fokuslanmaq üçün edilən strateji bir addım idi.
7. "Facebook"da ən çox istifadəçi sayına sahib ölkə Hindistandır. (375 milyon istifadəçi). İkinci sırada ABŞ (194 milyon), üçüncü sırada isə İndoneziya (118 milyon) gəlir.
8. Hər gün "Facebook"da təxminən 8 milyard video izlənir. Canlı yayımlar isə adi videolara nisbətən altı dəfə daha çox qarşılıqlı əlaqə yaradır.
9. Hər rübdə 1 milyarda yaxın saxta hesab "Facebook" tərəfindən silinir, bu da platformanın təhlükəsizlik siyasətinin bir hissəsidir.
10. "Facebook" 2023-cü ilin 3-cü rübündə 33.6 milyard dollar reklam gəliri əldə edib. Reklam bazarında "TikTok" və "Snapchat" kimi platformaları geridə qoyaraq hələ də ən gəlirli sosial media şəbəkəsidir.
11. Hər dəqiqə "Facebook" istifadəçiləri platformaya 4 milyon "like", 510 min şərh, 293 min status yeniləməsi və 147 min fotoşəkil yükləyir.
12. Gənclərin (13-17 yaş) "Facebook" istifadəsi azalır. 2015-ci ildə 71% olan bu göstərici 2024-cü ildə 33%-ə düşüb. Bu yaş qrupu daha çox "TikTok" və "Snapchat" kimi platformalara keçib. Lakin yaşlı nəsillər arasında Facebook-un populyarlığı artır.
13. "Facebook" istifadəçilərinin təxminən 53.8%-i ingilis dilində, 14.9%-i ispan dilində, 8.5%-i isə hind dilində platformadan istifadə edir.
14. Tarixi boyunca "Facebook"un məxfi məlumatların sızması ilə bağlı ən qalmaqallı hadisəsi 2021-ci ildə yaşanıb. Belə ki, həmin il 533 milyon istifadəçinin məlumatları sızdırılmışdı.
15. "Facebook", "Marketplace" və "Facebook Shops" kimi alətlər təqdim etməklə kiçik və orta sahibkarlara rəqəmsal ticarət üçün geniş imkanlar yaradıb. Hazırda 200 milyondan çox biznes platformada aktivdir.
16. "Facebook"da ən çox izləyici sayı Krishtiano Ronaldonun səhifəsinə məxsusdur, 170 milyon izləyicisi var. Digər məşhurlar arasında Şakira, Will Smith, Dwayne "The Rock" Johnson və Taylor Swift də yüksək izləyici sayına sahibdirlər.