Konqo, "Apple"ı silahlı münaqişələrin maliyyələşdirilməsinə dəstək verməkdə ittiham edir. Bu ittihamlar, "Apple"ın tədarük zəncirinə nəzarətilə bağlı narahatlıqları gündəmə gətirir.
Gent.az xarici KİV-ə istinadən xəbər verir ki, Konqo Demokratik Respublikası "Apple"ı tədarük zəncirində qanunsuz olaraq müharibə minerallarından istifadə etməkdə ittiham edərək Fransa və Belçikada məhkəməyə verib. Konqo hökuməti Apple-ın münaqişələrdən əldə edilən minerallardan istifadə edərək onların qanunsuz dövriyyəsini asanlaşdırdığını iddia edir.
"Apple", tədarük zəncirinə nəzarətin etik standartlara uyğun olduğunu müdafiə etsə də, Konqonun vəkilləri şirkətin bu cinayətlərə qarışdığını irəli sürür. Konqo, dünyanın ən önəmli elektronika minerallarından olan qalay, tantal və volframın əsas tədarükçüsüdür. Lakin bu minerallar, bölgədəki silahlı qruplar tərəfindən idarə olunan mədənlərdən əldə edilir. Konqo, "Apple"ın bu minerallardan istifadə edərək silahlı münaqişələri maliyyələşdirdiyini və insan hüquqları pozuntularına göz yumduğunu bildirir.
Konqonun ittihamları "Apple"ın tədarük zəncirini izləmə proqramı olan ITSCI-yə də yönəlib. Konqo bu proqramın effektivliyini şübhə altına alaraq, "Apple"ın tədarük zəncirini təsdiqləmək üçün hələ də ITSCI-dən istifadə etdiyini qeyd edir.