Bu gün mobil telefonlar, planşetlər və digər qadjetlər həyatımızın ayrılmaz hissəsinə çevrilib.
Mobil telefonlar əlaqə vasitəsindən daha çox əsl köməkçi rolunu oynayır – mətbəx sahəsində olan tətbiqetmələr heç də sosial şəbəkələr, fotoredaktorlar və oyunlardan geri qalmır.
Təqdim etdiyimiz siyahıda yemək reseptləri, kalori hesablama kimi maraqlı və faydalı tətbiqetmələr ilə tanış ola bilərsiniz. Bu proqramlar mətbəx həyatınıza rəngarənglik qatmaqla yanaşı, sizə yeni bilgilər öyrədəcək.
Ləzzət – Milli yemək reseptləri
Mətbəx ilə bağlı yerli tətbiqetmələr arasında ən çox yüklənənlərdən biridir. Bu proqram Azərbaycan və dünya mətbəxinin ləzzətli yemək və içki reseptlərini özündə birləşdirir. Proqramdan istifadə edərək çeşidli yeməklər, turşular, mürəbbələr, şirniyyatlar və s. rahat hazırlaya bilərsiniz.
Kitchen Stories
Ən məşhur və inkişaf etmiş kulinariya tətbiqetmələrindən biridir. Milyonlarla istifadəçisi olan Kitchen Stories peşəkar aşpazlara və həvəskarlara kulinariya qabiliyyətlərini yaxşılaşdırmaq və müxtəlif reseptlərdən ilhamlanmaq imkanı verir. Bütün reseptlər addım-addım təlimatlar və gözəl şəkillər, bəziləri isə hətta ətraflı videolar ilə verilib.
Hər həftə bazaya yeni reseptlər əlavə olunur. Sizə lazım olan resepti seçdikdən sonra evinizdə hansı məhsulların olduğunu qeyd edə bilərsiniz. Olmayan məhsulları almaq üçün isə elə buradaca alış-veriş siyahısı tərtib etmək olar – bu çox rahatdır.
Cook IT Allergy Free
Adından da göründüyü kimi bu tətbiqetmə yumurta, qoz-fındıq və ya süd məhsulları kimi xüsusi qidalara müxtəlif cür allergiyası olan insanlar üçün hazırlanıb. Artıq uyğun bir resept üçün saatlarla internetdə axtarış etməyə məcbur olmayacaqsınız. Tətbiqetmədə bütün geniş yayılmış allergenlərin, onların olduğu qidaların və əvəzləmək üçün alternativlərinin siyahısı var. Cook IT Allergy Free vasitəsilə allergik reaksiyadan uzaq olacaqsınız, dadlı və faydalı reseptlərdən yararlanaraq yeməkdən zövq alacaqsınız.
FatSecret – kalori hesablama
Tətbiqetmə istifadə etdiyi kalori və ZYK-nı (zülal, yağ, karbohidrat) izləməyi arzu edənlər üçün nəzərdə tutulub. Bu proqram yalnız bir neçə kiloqram atmaq üçün deyil, tətbiqetmə məqsədinizi seçməyi təklif edir – arıqlamaq, çəkini saxlamaq və ya kökəlmək. Doğum tarixi, çəki, boy, həyat tərzi xüsusiyyətlərini (aktiv/oturaq) daxil etdikdən sonra FatSecret gündəlik kalori normanızı hesablayır. Gün ərzində yediyiniz qidaların adlarını daxil etmək (onları təklif olunan menyudan seçə və ya özünüz yaza bilərsiniz) və proqramı izləmək kifayətdir. Yeri gəlmişkən, proqramın ən böyük üstünlüyü odur ki, kalori sərfiyyatını da nəzərə alır. Açılan siyahıdan yalnız idman məşğələləri deyil, həmçinin təmizlik və ya vanna qəbul etmək kimi ev işlərini də seçmək olar. (Süfrə jurnalı)