Uçuşların sizi müflis etməməsi və vətəndən uzaqda hər zövqə, büdcəyə uyğun yaşayış yeri tapmağınız üçün bir sıra tətbiqetmələr mövcuddur.
Biz isə sizə səyahətdə ikən yararlana biləcəyiniz yemək tətbiqlərindən bəhs edəcəyik. Səhər yeməyini yerli sakinlər kimi, naharı qonaqlıqda, şam yeməyini də üç avroya restoranda yemək səyahətçi üçün çox gözəldir, elə deyilmi?
“The Fork Restaurants” – Masa sifarişi və xüsusi təkliflər (“Restaurants booking and special offers”)
Bu proqramın istifadəsi çox sadə və aydındır: geolokasiyanı sazlayıb yaxınlıqdakı kafe və ya restoranı axtarırsınız. “The Fork”un başqa analoji proqramlardan üstünlüyü ondadır ki, burada həm masa sifariş edə, həm də endirim və bonuslardan asanlıqla yararlana bilərsiniz. Hər masa sifarişindən sonra istifadəçi xallar qazanır. Bu xallardan bəzi məkanlarda ödəniş zamanı istifadə etmək olar. Tətbiqetmə Barselona, Cenevrə, Madrid, Roma, Brüssel, Kopenhagen və başqa şəhərlərdə işləyir.
“Zomato” – Restoran axtarışı və yemək çatdırılması
Kafe və restoran axtarışı üzrə ən məhşur xidmətlərdən biridir. Məzmunu çox sadədir – ən yaxın müvafiq müəssisəni tapmaq. Tətbiqetmə istifadəçinin yerini müəyyənləşdirir və həmin yeri xəritədə göstərir. Siz əvvəlcədən yeməklərin şəkillərinə baxa və müştərilərin fikirlərini oxuya bilərsiniz. Bir sözlə, bu, sadə və rahat proqramdır.
“Too good to go” – Qida tullantısı ilə mübarizə
Restoranların gün ərzində yığılıb qalan yeməklərini satmağa köməklik göstərən bu xidmət qida tullantısının miqdarını azaltmış olur. Axı adətən günün sonunda belə yeməkləri, sadəcə, atırlar. İndi artıq iki-beş avroya əla restoran yeməyini yemək və planeti xilas etmək mümkündür. Hazırda bu xidmət doqquz Avropa ölkəsində, o cümlədən Böyük Britaniya, Almaniya, Fransa və Danimarkada işləyir.
“Happy Cow” – Veqan/vegetarian restoran və yeməklərinin axtarışı
İxtisaslaşmış məkanların böyük bazası olan əla vegetarian səyahət bələdçisi (“travel-guide”) vasitəsilə dünyanın istənilən ölkəsində yerləşən vegetarian kafelər haqqında məlumat tapmaq mümkündür. Restoran və kafeləri axtarış yerində, yaxud onlayn xəritədə “gəzmək”lə tapmaq olar. Tətbiqetmədə yeməklərin şəkilləri və istifadəçilərin fikirləri də öz əksini tapıb.
Leyla Kərimli