“CBS” kanalında gedən “The Late Late Show with James Corden” verilişinə qatılan ABŞ-ın 44-cü prezidenti Barak Obama amerikalı hərbçilərin Uçan Naməlum Obyektləri müşahidə etdiyini təsdiq edib.
O hesab edir ki, manevr və sürət baxımından ABŞ hərbi təyyarələrindən qat-qat üstün olan obyektlərin mövcudluğuna çox ciddi yanaşmaq lazımdır.
“Biz bunların nə olduğunu dəqiq bilmirik...Biz onların trayektoriyasını, necə hərəkət etdiklərini izah edə bilmirik”, - deyə B.Obama vurğulayıb.
O, həmçinin əlavə edib ki, 2008-ci ildə prezident seçildikdən dərhal sonra yadplanetli həyat formalarının axtarışı ilə bağlı araşdırmalar barəsində maraqlanıb.
“Mən hökümətə yadplanetli kosmik gəmilərin və ya canlıların saxlandığı laboratoriyaların olub-olmaması barədə sual verdim. Mənə dedilər ki, belə bir şey yoxdur”, - deyə sabiq dövlət başçısı qeyd edib.
Xatırladaq ki, bundan öncə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin ehtiyatda olan zabiti Şon Kehil bəyan edib ki, 2019-cu ildə San-Dieqo şəhərinin yaxınlığına müşahidə edilən UNO-nun texnologiyaları bəşəriyyəti 1 000 il qabaqlayır.
Videoda sferik formada obyekt ilk öncə suyun üzərində havada qalır, sonra isə sürətlə suya dalır.
Digər sabiq zabit – baş leytenant Rayan Qreyvsin sözlərinə görə, 2015-2017-ci illərdə Virciniya-Biç yaxınlığında demək olar ki hər gün UNO-lar qeydə alınıb.