Buna görə də telefonun təmirə verilməsindən öncə istifadəçilərə telefon yaddaşında olan özəl fotoların və digər faylların silinməsi məsləhət görülür.
Gent.az xəbər verir ki, əks halda həmin konfidensial fayllar təmirçi tərəfindən əldə edilə və ya ümumiyyətlə internetə sızdırıla bilər. Samsung şirkəti öz növbəsində fərdi smartfonlarında bu problemi həll etmək qərarına gəlib. Belə ki, onun istehsalı olan smartfonlarda Repair Mode adlı funksiya istifadəyə veriləcək. Sözügedən funksiya istifadəçinin konfidensial fayllarının gizlədilməsini mümkün edəcək. Beləliklə isitifadəçi öz smartfonunu təmirə verməmişdən öncə ayarlarda Repair Mode funksiyasını aktivləşdirə bilər.
Bu funksiya aktivləşdiriləndən sonra smartfon yenidən işə düşəcək və nəticədə istifadəçinin bütün özəl məlumatları və aktual olan istifadəçi hesabları avtomatik olaraq gizlədiləcək. Bu halda smartfonda yalnız standart sistem və qutudan olan digər tətbiqlər qalacaqlar. Təmirdən sonra smartfondakı konfidensial məlumatları geri qaytarmaq üçün isə istifadəçi sadəcə olaraq ayarlara daxil olub Repair Mode funksiyasını deaktiv etməli və barmaq izi skanı və ya qrafik açarın daxil edilməsi vasitəsilə autentifikasiya prosesindən keçməli olacaq.
Beləliklə daha öncə avtomatik olaraq gizlədilmiş bütün özəl məlumatlar və fayllar bu proses nəticəsində geri qayıdacaqlar. Təəssüflər olsun ki, bu funksiya eyni vaxtda bütün Samsung smartfonlarında və regionlarda istifadəyə verilməyəcək. Samsung sözügedən funksiyanın istifadəsinə Galaxy S21 seriyasında start verməyi planlaşdırır. Repair Mode adlı funksiya One UI istifadəçi interfeysinin növbəti böyük yenilənməsi çərçivəsində Koreyadakı istifadəçilər üçün aktiv olacaq. Daha sonra bu funksiyanın digər Samsung smartfonlarında və regionlarda da istifadəyə veriləcəyi gözlənilir.(lent.az)