Çində yerləşən Dameyşa çimərliyi dünyanın ən izdihamlı çimərliklərindən biri hesab olunur.
Gent.az xarici mediaya istinadla xəbər verir ki, Şençjen şəhərində yerləşən Dameyşa çimərliyinin uzunluğu cəmi 1,8 kilometrdir, buna baxmayaraq, isti yay günlərində burada yüz minlərlə insan toplaşa bilir.
Çimərliyin həddindən artıq izdihamlı olması səbəbindən yerli hakimiyyət sahilə girişə nəzarət etmək məcburiyyətində qalıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə isə bəzən qumun demək olar ki, tamamilə insan kütləsinin altında qaldığı görünür.
Turistlərin rəylərinə görə, xüsusilə pik günlərdə sahildə hərəkət etmək belə çətinləşir. Bəzi ziyarətçilər dənizə çatmaq üçün böyük insan kütləsinin arasından keçməli olduqlarını bildiriblər.
Dameyşa ictimai və pulsuz çimərlikdir. Lakin may-oktyabr aylarında ziyarətçi sayı gündə təxminən 80 min nəfərlə məhdudlaşdırılır. Bu dövrdə çimərliyə getmək istəyənlərin əvvəlcədən qeydiyyatdan keçməsi tələb olunur.
Bununla belə, əvvəlki illərdə xüsusilə populyar günlərdə çimərlikdə eyni vaxtda 200 minə qədər insanın toplandığı bildirilir.

