Moda günü-gündən inkişaf edir, trendlər və üslublar daim dəyişir. Hər il xüsusilə də yaz-yay aylarında daha fərqli üslubda geyimlər dəbdə olur. Trendlər dəyişsə də, bəzi məşhur geyim tərzləri demək olar ki, hər il dəbdədir.
Maraqlıdır, görəsən, yaz-yay aylarında qarderobumuzu necə hazırlamalıyıq? Xüsusilə bu fəsillərdə hansı rənglərə üstünlük verilməlidir?
Mövzu ilə bağlı tanınmış modelyer Şəlalə Maqsudova açıqlamasında bildirib ki, bu ilin yaz və yay fəsillərində daha çox qırmızı, yaşıl və mavi rənglər dəbdə olacaq.
Onun sözlərinə görə, həmçinin ağ-qara kimi klassik rənglər də favoritdir:
“Yaz fəslinin əsas rəngi isə qırmızıdır. Bu il dar geyimlər dəbdə olmayacaq. Əksinə, bədənə boş, “oversize” geyimlər dəbdə olacaq. Geyim stilində çox dəyişiklər var. Bu fəsillərdə daha çox şifon, kətan, nazik toxunma parçalara üstünlük veriləcək. Əlbəttə ki, modanı izləmək lazımdır. Ancaq insan özünə uyğun geyimi seçməlidir ki, daha zövqlü görünsün. Bundan əlavə insan öz bədəni üçün komfort olan geyimlər seçməlidir. Yaz yay kolleksiyasında da daha çox bol geyimlər aktual olacaq. Xanımların qarderobunda demək olar ki, hər ölçüdə çantalar olmalıdır. Daha bol geyindikdə böyük çantalara üstünlük verilməlidir. Eləcə də bu ilin yaz-yay kolleksiyasında böyük ölçülü toxunma çantalar daha çox gündəmdə olacaq. Bundan əlavə daha alçaqdabanlı və krem rəngi ayaqqabılara üstünlük veriləcək. Bu da xanımların komfortu üçün daha yaxşıdır”.