Əsas məsələ isə sızanaq problemi olan dərini düzgün müalicə etməkdir.
Gent.az türkiyəli dermatologiya mütəxəssisi Funda Atamanın sızanaqların müalicəsi ilə bağlı məsləhətlərini tədim edir.
Dermatoloqun sözlərinə görə, yeniyetməlikdə sızanaqlar dərinin yağ ifrazının artmasından sonra yağ vəzilərinin iltihabı nəticəsində yaranır:
"Bu iltihaba səbəb olan bakteriyalar hər kəsin dərisində olur. Lakin yağ ifrazının çox olması və dəridə yağ balansının pozulması bu bakteriyaların çoxalmasına gətirib çıxarır. Bu problemə ən çox 14-16 yaş arasında yeniyetmələrdə rast gəlinir. Hər 10 yeniyetmədən 1-də sızanaqlar kəskin xarakter alır. Yeniyetməlik sızanaqları qızlarda daha gənc yaşda olur. Bu, qızların yetkinlik yaşına daha erkən daxil olması ilə bağlıdır".
Mütəxəssisin sözlərinə görə, sızanağın yaranmasında genetik faktorlar da mühüm rol oynayır:
"Ata-ana, böyük bacısı və qardaşında sızanaq olanların bu problemlə üzləşmə riski daha çoxdur. Eskimoslar, yaponlar, qaradərililərdə sızanaqlar digərlərinə nisbətən az müşahidə olunur. Lakin əsasən balıqla qidalanan eskimoslar və yaponlar Qərb mətbəxindən olan yeməklərə keçdikdən sonra onlarda da sızanaq problemi artıb".
Funda Ataman bildirib ki, sızanaqlar insana psixoloji cəhətdən təsir edir:
"Sızanaqlar məktəb, iş və şəxsi həyatda insanları utandıra və münasibətlərində problemlər yarada bilər. Qaşıntı, yanma, ağrı, qanaxma, görüntüdən narahat olma kimi problemlər mümkündür. Daimi ləkə, çopurluq və yara izləri isə ən arzuolunmaz vəziyyətdir.
Pəhrizin sızanaqlara təsiri tam olaraq müəyyən edilməsə də, kalori qəbulunun azaldılması və artıq çəkidən qurtulma sızanaq müalicəsində effektivliyi artırır. Gənclərin balanslaşdırılmış zülal, yağ, karbohidrat, vitamin qəbul etmələri, kifayət qədər meyvə-tərəvəz, balıq yeməsi onların sağlam böyüməsinə və inkişafına müsbət təsir edir.
Sızanaq təkcə yeniyetməlik dövründə müşahidə olunmur. Həmçinin qadınlarda menstruasiya öncəsi sızanaqların görünməsi normaldır. Tərləmə, rütubətli iqlim, yemək bişirilən isti yerlərdə işləmək sızanaqları artırır. Qidalanmasında fast-fooda üstünlük verən şəxslərdə bu problem şiddətlənə bilər".
Dermatoloq bildirib ki, yeniyetnəlik sızanaqları 4-6 il davam edir:
"Bəzən 40 yaşa qədər davam etdiyi müşahidə olunur. Müalicəyə başlayan insanlara bunun uzun sürəcəyi barədə məlumat verilməlidir. Yüngül sızanaqlarda çox vaxt dəridən artıq yağı çıxaran və bakteriya böyüməsinin qarşısını alan məhsuldan istifadə edirlər. Bununla belə, tərkibində heksaxlorofen olan antibakterial sabunların istifadəsi xüsusi növ sızanaqlara səbəb olur. İkinci mərhələdə dəridə yağ ifrazını azaldan kremlər, gellər və losyonlar istifadə olunur. Heç bir yaxşılaşma olmazsa, antibiotiklər sınana bilər.
Vitamin A törəməsi həbləri ən davamlı və şiddətli sızanaq formasında istifadə olunur. Bundan əlavə, sızanaq müalicəsi alan insanlar həkim nəzarəti altında vitamin qəbul etməli və qidalanmalarına diqqət etməlidirlər. Sızanaq müalicəsinin demək olar ki, bütün üsullarında müalicənin ilk günlərində dərinin quruması, qızartı, qaşınma və sızanaqların artması gözlənilir. Xəstələrə bunun yan təsir və ya allergiya olmadığı barədə məlumat verilməlidir. Yenə ən təsirli və uzun müalicələrdən sonra belə sızanaqlar təkrarlana bilər.
Sızanaqlar keçdikdən sonra qalan izlər üçün kimyəvi pilinq, lazer, dermaroller, dermabraziya kimi proseslər tətbiq oluna bilər. Uzun və çətin olan sızanaq müalicəsinin məqsədi gəncləri həm də çapıq və ləkələrdən qorumaqdır".(bakupost.az)