Kişi aksesuarlarının ən zərif variantlarından biri olan qol düymələri sadəcə özəl günlərdə və vacib görüşlərdə deyil, gündəlik həyatda da tərzi ilə fərqlənən cənabları müşayiət edir.
Köynəklərin qol manjetlərini bir-birinə bağlayan, bir növ düymə funksiyasını yerinə yetirən bu aksesuarlar xüsusi dizaynlarla birləşərək kişilərin geyim tərzində əhəmiyyətli rol oynayır.
Qol düymələri 16-cı əsrin sonlarında XIV Lüdoviqin dövründə peyda olub, zadəganlığın nişanəsi idi və əsasən, varlı ailələrin davamçısı olan kişilər tərəfindən istifadə olunurdu. O zamanlar qol düymələrinin hazırlanmasında dəyərli metallardan - qızıl, gümüş, brilyant, eləcə də incidən istifadə edildiyinə görə, bu, incə əl işi tələb edirdi.
Fransada başlayan bu dəb 20-ci əsrdən sonra bütün dünyada kişi modasında məşhur oldu. Hazırda qol düymələri müxtəlif növ materiallardan hazırlanır. Kişilərdə klassik obrazı tamamlayan qol düymələri gündəlik həyatımızda prestijli bir aksesuar olaraq öz yerini alıb.
Nə qədər sadə, kiçik detal kimi görünsə də, qol düyməsinin də istifadəsində diqqətli olmalısınız. Həmin məqamları sizinlə bölüşürük:
Keyfiyyətsiz görüntünün yaranmasına imkan verməyin
Qol düymələrinin seçiminə diqqətlə yanaşın, onlar sadəcə sizin gördüyünüz detal deyil, ümumi görünüşünüzə xələl gətirə biləcək qədər güclü aksesuardır. Çalışın ki, tərz olaraq geyiminizlə ziddiyyət təşkil etməsin. Əks halda, zövqsüz obraz ortaya çıxacaq. Əgər zərif kostyum geyinirsinizsə, incə tərzdə düymələrdən istifadə edin.
Qarışdırmayın, uyğunlaşdırın
Sadəcə tərzi deyil, qol düymənizin materialı da saat, kəmər və istifadə etdiyiniz digər aksesuarlarla uyğun olmalıdır. Yaxşı olar ki, saatınız qaşlardan ibarətdirsə, qaşlı qoy düyməsindən istifadə edəsiniz. Çox nəzərə çarpmaq istəmirsinizsə, qaş yerinə ona uyğun variantları seçə bilərsiniz. Ya da çox bəyəndiyiniz dəri kəmərinizlə dəri detallı qol düyməsi fikrini də sınaya bilərsiniz.
Qalstukunuzun rəngi həlledici ola bilər
Təkcə tərz və material deyil, rəng də diqqət yetirməli olduğunuz önəmli faktordur. Belə ki, dəb müxtəxəssislərinə görə, qara rəngli qalstuklarla daha tünd rənglərdə metallar, gümüşü, qızılı qol düymələri, ağ qalstuklarla isə daha açıq rəngli metallar, eləcə də, sədəf rəngli mirvarili qol düymələri istifadə etmək cəlbedici görünür.
Onu da qeyd edək ki, araşdırmalarda qadınların kişilərə aldıqları hədiyyə siyahısında qol düymələri ilk sıralardadır. Siz də atanıza, dostunuza, bir sözlə həmcinslərinizə hədiyyə almaq istəyirsinizsə, qol düymələrinə göz gəzdirə bilərsiniz.