Saatlar yalnız vaxtı göstərən bir əşya deyil, onlar moda aksesuarı, status simvolu, xüsusiyyətlərinə görə fərdi köməkçi və çox bahalı bir kalkulyator ola bilər. Ancaq bir kolleksioner üçün saat çox başqa bir şeydir, ən başda investisiya vasitəsidir.
Bəzi saatlar zamansızdır. Onlar nəsildən-nəsilə ötürülə və illər sonra satılıb nağd pula çevrilə bilər. Əlbəttə, zamanın sınağından keçə biləcək xüsusiyyətlərə sahib bir saat istəyirsinizsə, bir az çox pul xərcləməli olacaqsınız.
Bir saata xeyli miqdarda pul xərcləmədən əvvəl hansı saatın bu məbləğə dəydiyini və investisiya vasitəsi kimi səmərəli ola biləcəyini araşdırmaq lazımdır. Bu yazımızda dəyərini itirməyən, zaman keçdikcə qiymətlənən saatlar haqqında danışacağıq.
Mexaniki, yoxsa kvars saata üstünlük verilməlidir?
Kvars saatlar dəqiqlik baxımından mexaniki saatlardan daha üstündür. Bir saatın məqsədi vaxtı göstərməkdirsə, çox ucuz bir kvars saat da bu işdə uğurlu ola bilər.
Ancaq hazırda saatın qiymətini müəyyənləşdirən xüsusiyyət zamanın dəqiqliyi deyil. Mexaniki saatlar daha həssas əl işçiliyi ilə istehsal olunur. Dünyanın ən bahalı saat markaları ("Rolex", "Patek Philippe" və s.) üslubları, texniki tərəfləri və ən əsası nüfuzlarına görə yüksək qiymətə sahibdir.
Ən mürəkkəb kvars saatları belə müasir texnoloji inkişafın məhsuludur və inkişaf edən texnologiya sayəsində onların istehsalı çox sadədir, buna görə də, satış qiymətini müəyyən edən xüsusiyyət texnologiya deyil.
Lüks və orta sinif saatlar
"Citizen" və ya "Fossil" kimi məşhur saat markaları lüks modellər hesab olunmur. Bu saatlar üçün 500-1000 manat ödəsəniz də, istifadə müddətində köhnələcək, sizdən sonrakı nəsillərə ötürmək mümkünsüz olacaq. Yeni modellər çıxdıqca sizin baha aldığınız saat endirimə düşəcək. Bu saatlar sadəcə dövrün dəbinə uyğun hazırlanan xüsusi dizaynlı saatlardır.
Dəyərini qoruyacaq bir saata sahib olmaq istəyirsinizsə, daha bahalı və lüks markalara üz tutmalısınız.
Dəyərini itirməyən saat markaları hansılardır?
Küçədə saatlarla bağlı sorğu keçirsəniz, ən çox "Rolex" adını eşidəcəksiniz. "Rolex" 20-ci əsrin əvvəllərində yaranmış və öz sektorunda bir çox yeniliyə imza atan məşhur saat markasıdır.
Tez-tez tanınmış simaların biləklərində görməyə öyrəşdiyimiz modelləri ilə "Rolex"i ailə yadigarı olaraq sonrakı nəsillərə təslim edə bilərsiniz. Bu marka illər keçdikcə dəyərini itirmir, hətta əksinə, dəyər qazanır.
"Rolex" ən lüks saat markalarından biri olsa da, tək lüks marka deyil.
İsveçrə saat sənayesində ən nüfuzlu markalardan biri olan "Patek Philippe" 1851-ci ildən bəri mürəkkəb qol saatlarının istehsalı ilə məşğuldur, bu səbəbdən də, populyarlığı və qiyməti olduqca yüksəkdir.
Bu iki markadan əlavə, "Jaeger-Le-Coultre", "Vacheron Constantin", "TAG Heuer", "Zenith" ve "Omega" da dəyərini qoruyub saxlayan saatlar istehsal edir. Bu markaların bir digər ortaq xüsusiyyəti isə hamısının İsveçrə saat markaları olmasıdır.
Saat istehsalı tarixini bilən və bu sahəyə maraq göstərənlər üçün bu sürpriz deyil. İsveçrə təxminən, 2 əsrdir ki, dünyanın ən yüksək keyfiyyətli saat markalarına ev sahibliyi edir. İnsanlar gözəl və keyfiyyətli bir mexaniki saat istədikdə ilk baxdıqları saatlar bu ölkənin markalarına məxsus olanlar olur. Əgər saatdan investisiya məqsədi ilə istifadə edəcəksinizsə, bu məlumatdan faydalana bilərsiniz.
Sonda, saatlarla bağlı gələcək planınız varsa, yeni modellərdən çox, klassik modellərə üstünlük verin. Ancaq unutmayın ki, hansı səbəblə olursa, olsun əsla bəyənmədiyiniz saatı almayın. Hər şeydən əvvəl bir qol saatına əsas dəyər qatan onun sahibidir.