Ölkəmiz Vətən müharibəsində qazandığı qələbəni düşünmədən döyüşə atılan oğullara borcludur. Vətənin hər qarışı üçün qəhrəmancasına vuruşan, ölümdən qorxmayan, igidliyi ilə tarix yazan bu oğullar xalqın birliyinin, cəsarətinin təcəssümü oldular. Bu Vətən oğullarından biri də şəhid Quliyev Rahimdir.
Rahim 2001-ci ildə Cəlilabad rayonunun Həziabad kəndində anadan olub. Cəmi 19 yaşı vardı. 19 yaşında heç vaxt görmədiyi Qarabağ torpaqları üçün döyüşür, qəhrəmanlıq göstərir, canını bu yolda qurban etməkdən çəkinmir, ən yüksək zirvəyə yüksəlir.
Rahim 2007-ci ildə Kəlbəcər adına 23 saylı tam orta məktəbin 1-ci sinfinə qəbul olub. 2016-cı ildə isə 71 saylı tam orta məktəbi bitirib. Rahim orta təhsilini başa vurduqdan sonra peşə məktəbinə daxil olub. Burda o, avtomobillərin təmiri üzrə çilingər ixtisasi üzrə təhsil alıb. Təhsil aldığı müddətdə həmin peşə üzrə çalışıb.
Vətənə borcunu ödəmək üçün Rahim 2019-cu ilin 11 iyulunda hərbi xidmətə yollanıb. Müharibədə isə bu borcu qanı, canı ilə ödəyib. Vətənpərvərliyi ilə seçilən Rahim torpaqlarımızın azad edildiyi Vətən müharibəsində iştirak edib. Oktyabrın 2-də Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə son damla qanına kimi vuruşub, şəhidlik zirvəsinə ucalıb.
Rahim ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.