Vətən müharibəsi. Cəmi iki sözdən ibarət olsa da, 30 illik həsrətimizi başa çatdıran hadisə oldu. Nisgilimizi, kədərimizi atdı üstümüzdən, 30 il əvvəl açılan, hər il qaysaqlanan yaramızı sarıdı. Bizi düşmən tapdağında yolumuzu gözləyən torpağımıza qovuşdurdu, Qarabağ torpağına. Ona qovuşmaq üçün minlərlə oğlumuzu verdiyimiz torpaq, amma bilirik, bilirik ki, torpaq uğrunda ölən varsa, Vətəndir!
Vətən müharibəsində o torpaq üçün canından keçən, qanını həsrətində olduğu torpağa qarışdıran şəhidlərimizdən biri də odur – Elmar Bayramlı. 22 yaşlı leytenant şəhidimiz.
1998-ci ildə Qazaxın Birinci Şıxlı kəndindən anadan olan Elmar 2005-ci ildə həmin kəndin tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2016-cı ildə orta təhsilini tamamlayan Elmar Vətənin qucağına atılır, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olur. 2020-ci ildə həmin məktəbi bitirir və elə həmin il leytenant rütbəsini alır. İyulda baş verən Tovuz döyüşlərində iştirak edən şəhid hərbçimiz Vətən müharibəsində də Vətənin səsinə səs verir, həsrətlə, sevinclə oğullarını səsləyən Vətənin. Səsinə səs verir Vətənin, amma ömrünün qalan hissəsini də qurban edir bu yolda. Sentyabrın 29-da Talış kəndi yaxınlığında gedən döyüşlərdə şəhid olur. Doğulub böyüdüyü Qazaxda torpağa tapşırılır, Tovuz döyüşlərində şəhid olan mayor Namiq Əhmədovla eyni qəbirstanlıqda...
Sonuncu dəfə ailəsi ilə müharibədən bir gün əvvəl - sentyabrın 26-da danışır. Son danışığında da anasını düşünüb, “ağlama, heç nəyə görə üzülmə, başını dik tut” deyir.
Elmar Tovuz döyüşlərində ailəsindən xəbərsiz iştirak edib. Bircə söz deyib, başınızı dik tutun, mən Vətən oğluyam.
Vətən müharibəsində isə döyüş zamanı yaralı döyüş yoldaşlarına kömək edərkən Elmar özü də yaralanır. Yaralanmasına baxmayaraq, döyüşə davam edir. Sentyabrın 29-da isə Vətən öz oğlunu qoynuna alır.
Ailəsi deyir ki, o ən çox anasına və Vətəninə sevgisini bildirib. Son danışığında da elə iki sevgisini düşünüb, anasına “Haqqını halal et” deyib.
Şəhidliyin nə demək olduğunu ən yaxşı şəhid anası bilər. Ən yaxşı o anlayar, ən dərin o yaşayar, ən çox o hiss edər. “Bir saatlıq gəlsin, onu görüm, yenə şəhid olsun, mən ona da razıyam” deyir anası. Elmar isə ən böyük iki sevgisindən birinə sadiqliyini sübut edir. Canını, qanını uğrunda qurban edir. O, təkcə Qarabağ torpağını yox, bizi də azadlığa qovuşduran şəhidlərimizdən biri olur. Nisgilsiz, kədərsiz, qürurla yaşamaq azadlığına.
Ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsinə görə” və “Laçının azad edilməsinə görə” medalları ilə təltif edilir.
Ruhun şad olsun, şəhid! Ən böyük sevgin bizə əmanətdir!