Bu gün Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə başladılan Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.
Artıq beşinci ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.
Xatırladaq ki, 2020-ci ilin sentyabrın 27-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.
Belə ki, həmin gün Ermənistanın növbəti irimiqyaslı təxribatlarına, Azərbaycan Ordusunun mövqelərinə və mülki yaşayış məntəqələrinə atəş zərbələri endirməsinə cavab olaraq əks-hücum əməliyyatı başlayıb, sonradan "Dəmir yumruq" adını alan bu əməliyyat Vətən müharibəsinə çevrilib.
44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi. Bu müraciətlər Azərbaycan xalqını ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi. Hər bir müraciət növbəti qələbələrin müqəddiməsinə çevrildi.
Beləliklə, Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-də Qarabağda başlayan və noyabrın 9-na qədər davam edən 44 günlük "Dəmir yumruq" əməliyyatı nəticəsində beş şəhər, dörd qəsəbə və 286 kənd işğaldan azad edilib.
Vətən müharibəsi nəticəsində Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndləri, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun doqquz kəndi, Şuşa şəhəri, Lacın rayonunun üç kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sıgırt, Sukurataz yüksəklikləri və daha beş adsız yüksəklik düşmən tapdağından azad olunub.
Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar. Bu sənəd həm də Ermənistanın kapitulyasiya aktı kimi yadda qalıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları heç bir itki vermədən Azərbaycana qaytarılıb.