Vətən müharibəsində düşünmədən döyüşə yollanan, döyüş meydanında qəhrəmanlıq göstərən hərbçilərimizdən biri də Abbas Abbaslıdır. Əslən Cəbrayıldan olan Abbas doğma torpağında olmayıb, amma hər zaman torpaqların azad edilməsi üçün əmrin gəlməsini gözləyib. Doğma Cəbrayılını və digər işğalda olan əraziləri azad etmək üçün hazır olub. O gün yetişəndə isə böyük qürurla döyüşlərə yollanıb. Abbas Füzuli, Cəbrayıl, Xocavənd, Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib. O, müharibədə topçu kimi mübarizə aparıb və düşmənin yerləşdirdiyi piyada əleyhinə minaya düşərək əlindən yaralanıb, sağ ayağını isə dizdən aşağı itirib:
“Vətənimizin hər bir qarışı bizim üçün əzizdir. Döyüşlər başlayanda hərbi hissədə idim. İki dəfə həyəcan siqnalı verildi. Biz çox istəyirdik ki, üçüncü dəfə həyəcan siqnalı eşidilsin və biz döyüşə gedək. Nəhayət ki, gözlədiyimiz həyəcan siqnalı eşidildi və döyüşə yollandıq. Döyüşdür, bilmək olmaz deyə, əsgər yoldaşlarımızla görüşüb, halallaşdıq”.
Abbas deyir ki, müharibədə xalqın birliyini, bərabərliyi onu sevindirib. Döyüşə yollana bilməyənlər müharibədə iştirak edənlərə dəstək olub:
“Xidmət etdiyim topçu birləşməsinin Füzuli və Cəbrayılın xilas edilməsində böyük rolu var. Əvvəllər o torpaqları görməmişdim, amma vətənimdir, canımdan keçməyə hazıram.
Maşının arxasınca qaçanlar, su, siqaret və s. verməyə çalışanlar olurdu. Xalqımızın birliyi bizi daha da sevindirirdi”.
Müharibənin son günü minaya düşərək ayağını itirən hərbçimiz bu vəziyyətin çətin olduğunu bildirib:
“Minaya düşməyim isə gözlənilməz oldu. Düşünmürdüm ki, o ərazidə mina olar. Elə ayağımı atmağımla göyə qalxmağım bir oldu. Yıxılanda gördüm ki, ayağım artıq yoxdur, dayanmadan qan axır. Yaxınlıqda heç kim yox idi. Ayağımı əlimə götürüb 500 metr yolu tək gəldim. Yolda bir anlıq ayağımın vəziyyətini görüb qəbul edə bilmədim. Əlimi silahıma atdım ki, özümü vurum. Gördüm ki, silahım yoxdu. O an orada özümü öldürmək istədim. Çətindir, qəbul etmək çox çətin gəlir. Amma bilirəm ki, bundan sonrakı mərhələdə daha da çətin olacaq. Heç kim istəməz ki, belə bir şey yaşansın. Amma bu Vətən uğrunda olubsa, peşman deyiləm”.
Özünü itirmədiyini, 500 metr sürünərək dostlarının olduğu əraziyə gəldiyini söyləyən Abbaslı cəbhədə qurulan xəstəxanada əməliyyat olduğunu bildirib:
“500 metr özüm irəlilədim, kimdənsə kömək istəmədim. İlk an çox qəribə olur. Baxdım gördüm ayağım yoxdur. 30 saniyə hərəkət edə bilmədim. Bu torpaqda doğulmuşam, burda böyümüşəmsə, demək hər qarışı üçün canımı verə bilərəm. Cəbrayılda yaralanmamışam, amma gedib doğma torpağımı görə bildim”.