Ötən gün AFFA-nın İntizam Komitəsi oyunların manipulyasiyası və ya bu çirkabda əli olan bir sıra futbolçularla bağlı qərar çıxardı.
Onlardan bəziləri ömürlük, bəziləri isə müəyyən müddətə hər hansı futbol fəaliyyəti ilə məşğul olmaqdan uzaqlaşdırıldı. Haqqında qərar çıxarılan şəxslərdən biri ikinci Liqada çıxış edən “Qusar”ın vitse-prezidenti Elvin Xudadatov idi. O, mərc oyunlarında iştirak etdiyinə görə 1200 manat cərimələndi, üstəlik iki il müddətinə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququ əlindən alındı. Elvin hazırda “Qarabağ”da məşqçi kimi fəaliyyət göstərən, Azərbaycanın keçmiş tanınmış futbolçularından olan Elşad Xudadatovun oğludur. Maraqlıdır, Elvinin atası oğlunun bu əməlini eşidəndə nə etdi? Ümumiyətlə, onun Elvinin belə əməllərdə iştirakından xəbəri olubmu?
SAVASH.ORG xəbər verir ki, Xudadatov Qaynarinfo-ya açıqlamasında oğlunun düşdüyü durumla bağlı bunları söylədi:
“Bundan xəbərim olmayıb. Yalnız o, saxlanılanda bilmişəm. Mənə dedi ki, kimsə onun adını verib. Ona görə də saxlayıb, sorğu-sual edib buraxıblar. Elvinin belə işlərlə məşğul olmağından heç xəbərim yox idi. Fərqli komandalarda məşqlərə gedirdi, mini-futbolda oynayırdı. Bu barədə son vaxtlar mənə deyiblər”.
Mütəxəssis bu barədə eşitdikdən sonra çox əsəbiləşdiyini vurğuladı:
“Eşidəndə həqiqətən əsəbiləşdim. Futbolda işlədiyim, çempion olduğum illərdə həmişə sağlam rəqabət aparmışam. 25 ildir məşqçi işləyirəm, bir adam deyə bilməz ki, Elşad müəllimdə nöqtə qədər problem olub. Belə şeylərə əsəbiləşən adamam. İndi özümə yer tapa bilmirəm ki, bu nə xəbərdir, niyə belə oldu? Suyu üfürə-üfürə içən adamam. Ona görə də çox əsəbiləşdim. Ancaq oğlum dedi ki, onun adını hardasa hallandırıblar. Amma iştirak etməyib. Sorğu-sual ediblər, heç nəyi sübuta yetirə bilməyiblər. Oğlumla söhbətimiz bu cür olub”.
“Eşitdiyim ilk gündən onu tənbeh etdim. Üç ildən çoxdur ki, bizdən ayrılıb. Yəni o, Maştağadadır, biz isə Mərdəkanda yaşayırıq. Ona görə də tez-tez görüşüb bir yerdə ola, görüşə bilmirik. 32 yaşı var, ailəlidir. İki uşağı var. Ailəsini dolandırırdı. İndi, əgər belə səhvə yol veribsə, getsin, üzr istəyirəm, hamballıq, fəhləlik edib, ailəsini dolandırsın. Ona həmişə demişəm ki, təmiz ad hər şeydən üstündür. 25 ildir “Qarabağ”da çalışıram. Həmişə təmiz adımı qorumağa çalışmışam. 2009/2010-cu ildə çempion olmuşdum, mənə AFFA-dan zəng vurub sağlam rəqabətə görə təşəkkür etmişdilər. Belə xəbər eşidəndən sonra həqiqətən sıxılıram, üzülürəm. 18 yaşı yoxdur ki. 33 yaşı var, müstəqil ailədir. Yaxın, qonşu olsa, nəzarət edə bilərdim. Uzaqda yaşayır, gediş-gəlişimiz az olur. Buna çox üzüldüm. Yəqin bundan sonra belə şeylərə, hətta o istiqamətdə söhbət edənlərə tərəf getməz”.