"Neftçi" klubunda baş məşqçi Samir Abasovla bağlı qərar verildi.
Gent.az xəbər verir ki, bu gün “Neftçi” rəhbərliyi və baş məşqçi Samir Abasov arasında görüş keçirilib. Görüş zamanı komandanın cari mövsümdəki çıxışı müzakirə olunub.
Klubdan verilən açıqlamada bildirilir ki, Samir Abasova ötən ilin oktyabrında müqavilə bağlanandan bəri hər cür dəstək göstərilib, o cümlədən transferlərdə və komanda quruculuğunda tam səlahiyyət verilib. Mövsümlərarası fasilədə və mövsüm başlayandan sonra həyata keçirilmiş 14 transferin hamısı baş məşqçinin istəyi və təsdiqi ilə baş tutub, həmçinin komandadan ayrılan oyunçularla bağlı bütün qərarlar onun səlahiyyətində olub.
Müqavilə bağlanarkən əsas hədəf kimi yaradıcı və hücum futbolu sərgiləmək, komandanın iştirak etdiyi bütün turnirlərdə ən yüksək nəticələrə nail olmaq qoyulub. Lakin keçən 12 tur ərzində həm komandanın inkişaf dinamikası, həm də turnir cədvəlindəki mövqeyi qənaətbəxş olmayıb. 12 oyunda yalnız 3 qələbə qazanılıb, son “İmişli” oyunu isə mövsümün eniş nöqtəsi kimi qiymətləndirilib.
Klub, Samir Abasovun “Neftçi”də həm oyunçu, həm də məşqçi kimi göstərdiyi xidmətləri nəzərə alaraq, peşəkar etika naminə ondan istefa verməsini tələb edib. Baş məşqçi isə nəticələrin pis olmadığını, uğursuzluqların təsadüfi faktorlarla bağlı olduğunu iddia edib, istefa verməkdən imtina edib və klubla müqaviləyə birtərəfli xitam veriləcəyi təqdirdə tam təzminat tələb edəcəyini bildirib.
Qeyd olunanları nəzərə alaraq, klub Samir Abasovu istefaya göndərib və ona göstərdiyi xidmətlər üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Hazırda yeni baş məşqçi axtarışları davam edir. Komandanı “Turan Tovuz”la noyabrın 28-də keçiriləcək qarşılaşmaya hazırlamaq Sənan Qurbanova həvalə edilib.


