Xərclərdən imkan edib biznes üçün yatırım vəsaiti toplamaq çətin olsa da, bəzən əlində 3-5 min manatı olan şəxs ilk olaraq bunu düşünür: bu pula hansı biznesi qurum, necə edim ki, əlavə pullar gətirsin.
Gent.az kişilərin yuxusunu ərşə çəkən sualın cavabını araşdırıb.
Bunun üçün mütəxəssis fikrini dinləmək lazımdır. Kiçik və orta sahibkarlığın inkişafına yardım mərkəzi ictimai birliyinin rəhbəri İlkin Qarayev özü də biznes sahibidir. Bir neçə ildir kiçik və orta biznes sahibkarlarına dəstək məqsədilə layihələr təşkil edir.
Mütəxəssisdən açıqlamanı təqdim edirik:
3-5 min manatla Azərbaycanda biznes qurub, qazanc götürmək mümkündürmü?
“Statistikaya görə, yeni qurulan bizneslərin 60-70%-i ilk 3 ildə uğursuzluğa düçar olur, yəni 10 il işləyən biznes 3-5% təşkil edir. Ona
görə burda təşəbbüskarlıq, insanda biznesə uyğun meyarlar, bacarıqlar olmalıdır. İndiki böyük bizneslərin böyük əksəriyyəti nə vaxtsa kiçik biznesdən az vəsaitlə başlayıb. Sadəcə düzgün düşünülmüş biznes strategiya seçiblər. Hətta, 1000 manatla da biznesə başlamaq olar, onu böyütmək də olar. 5000 manatım var, amma bilmirəm nəylə məşğul olum deyəndən biznesmen olmaz. Biznesin ideyası, onu quran adamın təcrübəsi, bacarığı o 5000 manatdan öncə yaranmalıdır.
Heç bilmədiyin yeni bir sahəyə başlamaq, onun uğursuz olması ehtimalını artırır.
İnsanın arzusu, hədəfi olmalıdır. Bundan sonra isə biznes plan qurulur.
3-5 min manata xidmət sektorunda hansısa kiçik bir sahəyə başlamaq olar. Onlayn biznes, sosial şəbəkələrlə bir səhifə yaradıb, tələbatlı
məhsulu satmaq və ya xidməti göstərmək, kuryer xidməti, ticarətlə məşğul olmaq mümkündür. Lakin bu qədər pulla restoran kafe açmaq, kənd təsərrüfatı, istehsalatla məşğul olmaq qeyri-mümkündür.
Kiçik biznesin əksəriyyəti ticarət və xidmət sektoruna aiddir”.
Yaxşı ideya varsa, onlayn biznesi qurmaq üçün minimum nə qədər ilkin vəsait lazımdır?
Bu həmin insanın hədəflərindən, hansı addımlar atacağından asılıdır. Əvvəlcə hədəflər təyin edilir, sonra xərclər hesablanır. Əgər sosial
şəbəkə üzərindən ticarətə, xidmətə başlayırsa, səhifə, profil açmağa heç pul lazım deyil. Sayt, biznes hesabı açıb, bunların reklamı aparılacaqsa, 5000 manata qədər vəsait lazım ola bilər.
Hazırda avtomobil lizinqi, taksi xidməti üçün maşın kirayə vermək tendensiyası da var. İnvestisiyanın müddəti var. Qısa müddətli, orta və uzunmüddətli investisiya. Uzun müddətli investisiya üçün “katlavandan” yeni tikilən evi, mənzili ucuz alıb, bina hazır olandan sonra baha qiymətə satmaq da olar. Azərbaycanda qiymətli kağızlar, fond, birja investisiya imkanları elə də çox deyil.
Başqalarının, dost-tanışın biznes ideyasına pul yatırım etməyə dəyərmi?
Əgər insan dostuna borc verirsə, bu sadəcə borcdur və riskdir. Əgər dostu ilə biznesə bərabər yatırım edirsə, o da dostu ilə birlikdə biznes riskinə girir. Biznes uğursuzluğa düçar olarsa, nəticələri ilə də barışmalıdır.
Nəyi tövsiyyə etmirik?
Əgər 4-5 min manat artıq pul varsa, beynində ideya yoxdursa, sadəcə kimlərəsə baxıb, biznes həvəsinə düşürsə, ondansa həmin pulu bank hesabına qoyub, ildə 11 faizi götürmək daha məsləhətdir. Bu zaman pulun batma şansı da yoxdur. Heç ideyası olmayanlar üçün həmin məbləğin ünvanı ancaq bank hesabı ola bilər.
Ümumiyyətlə, əldə böyük vəsait varsa, hamısını biznesə yatırım etmirlər. Onu bir neçə yerə bölmək lazımdır: bir hissəsi banka qoymaq,
bir hissəsi daşınmaz əmlak, bir hissəsini biznesə yatırmaq olar. Eləcə də evi, maşını satıb, biznesə yatırmaq da düzgün addım deyil. Kreditlə, evi girov qoymaqla biznes qurmaq olmaz. O, pul sənin nağd əlavə pulun olmalıdır, lazım gələrsə, o puldan keçməyə hazır olmalısan.
Hazırda pandemiya şəraiti və iqtisadiyyatın tələbləri göstərdi ki, gələcəyin biznesi onlayn ticarət və xidmət üzərində qurulacaq. Onlayn
biznesin uğurlu gələcəyini görürəm”.
3-5 min manata bu gün tələbatlı olan bəzi sahələrin siyahısı:
- Kuryer, daşınma xidməti – maşın, moto ilə və ya piyada. Elan verərək, sənəd və əşyaların çatdırılmasını təklif edirsiz.
- Ölkə daxilində turizm, turlar təşkil etmək, ekstrim gəzintilər
- SMM xidməti – 3-5 nəfər bu sahədə bacarıqlı gənci ətrafına toplayıb, SMM xidməti təklif edir, ideyalar satırsız
- Korporativ, ad günü, özəl hədiyyələr – suvenirlərin üzərinə şəkil, ad
həkk etmək
- Dekorasiya – özəl günlər üçün müxtəlif dekorlar qurmaq
- Təmir xidməti – bir neçə ustanı ətrafınıza toplayıb, kiçik şirkət qurub, evlərdən təmirə ehtiyacı olan əşyaları yığıb təmir etmək
- Dayə, bağça xidməti
- Xalçaların, yorğan-döşəklərin təmizlənməsi və yuyulması
- Qocalara xidmət servisi – xaricdə bu sosial xidmət çox aktualdır.
- Ev heyvanlarının gəzintisi və müddətli saxlanması
- Şəxsi kiçik camaşırxana. Yeni tikilmiş binaların yanında kiçik obyekt açılsa, müştərisi
olar.
- Tərcümə xidmətləri – müxtəlif dillər üzrə savadlı tələbələri işə cəlb edib, siz sadəcə müştəri toplayırsız
- Əgər əlinizdə 12-15 min manat varsa, bu məbləğə ucuz maşın alıb, taksi kimi fəaliyyət göstərmək istəyən şəxsə gündəlik
məbləğə icarəyə verirsiz.
- Eləcə də hazırda motosikletlər çatdırılma xidmətinə tələbat olduğu üçün, moto da alıb icarəyə verə bilərsiz
Aytən M.
Gent.az