Bakıda İlk dəfə olaraq Nə? Harada? Nə zaman? intellektual oyun üzrə “Tələbələrarası Azərbaycan Kuboku” layihəsinin final mərhələsi uğurla başa çatıb.
Layihə 2025-ci ilin mart ayından etibarən Azərbaycanın 9 regionu və Bakı şəhərindən ümumilikdə 28 ali təhsil müəssisəsinin tələbələrini əhatə edərək üç seçim və bir final mərhələsindən ibarət olmaqla həyata keçirilib.
Mətuat xidmətindən verilən məlumata görə, seçim turlarında 200-dən artıq komanda final mərhələsinə vəsiqə qazanmaq uğrunda mübarizə aparıb. Yarışın reqlamentinə uyğun olaraq, 32 komanda final mərhələsinə yüksəlib.
Final mərasimində çıxış edən layihə rəhbəri bildirib ki, Universitet liqası çərçivəsində keçirilən “Tələbələrarası Azərbaycan Kuboku” layihəsinin ilk dəfə təşkil olunmasına baxmayaraq, tələbələrin bu cür təşəbbüslərdə fəal iştirakı təşkilat üçün prioritet istiqamətlərdəndir. O, əlavə edib ki, növbəti tədris ilindən etibarən “Universitet Liqası” daha fərqli formatda və daha geniş miqyasda keçiriləcəkdir.
Tədbirdə iştirak edən Gənclər və İdman naziri cənab Fərid Qayıbov çıxışında qeyd edib ki, tələbələrin intellektual inkişafı Azərbaycan Gənclər Siyasətinin əsas prinsiplərindən biridir. Nazir Xəzər İntellektual Gənclər Klubunun bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndirərək, bu cür layihələrin davamlı təşkil edilməsini arzulayıb və final iştirakçılarını təbrik edib.
ATİAHİ-nin sədri Araz Paşayev öz çıxışında qeyd edib ki, Azərbaycan təhsili bu gün inkişaf strategiyasına uyğun şəkildə transformasiya mərhələsindədir. O, intellektual potensiala malik gənclərin ölkəmiz üçün hər zaman önəmli olduğunu vurğulayaraq, layihədə tərəfdaş qismində iştirakdan məmnunluğunu ifadə edib və bütün iştirakçılara uğurlar arzulayıb.
Final mərhələsində keçirilən gərgin və maraqlı intellektual mübarizə nəticəsində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Vendetta” komandası birinci yeri tutub. Azərbaycan Tibb Universitetinin “Old School” və “HipHoprat” komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüblər.
Qaliblər təşkilatçılar tərəfindən kubok, medal, diplom və digər dəyərli hədiyyələrlə mükafatlandırılıblar. 2025-ci il üzrə “İlin klubu” nominasiyasında isə Qarabağ Universitetinin intellektual oyunlar klubu fərqlənərək təşkilat tərəfindən mükafatlandırılmışdır.
Layihə Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, Xəzər İntellektual Gənclər Klubu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə həyata keçirilib.
Təşkilatın mətbuat xidmətidən verilən məlumatda qeyd ediblər ki, tələbələrin artan marağını nəzərə alaraq, növbəti ildən “Universitet Liqası” layihəsi ölkənin bütün ali təhsil müəssisələrini əhatə etməklə daha geniş miqyasda təşkil olunacaqdır.
Ətraflı: Xəzər İntellektual Gənclər Klubu