Balakən rayonunda ailə münaqişəsi ağır cinayət hadisəsi ilə nəticələnib.
Gent.az xəbər verir ki, hadisə rayonun Qaysa kəndində baş verib. 38 yaşlı Kamal Məmmədov (ad-soyad şərtidir) ailə üzvlərinə qarşı bıçaq tətbiq etməkdə ittiham olunub.
İttiham aktına əsasən, Kamal Məmmədov əvvəlcə evinin həyətində bacanağını, daha sonra isə evin qonaq otağında həyat yoldaşını bıçaqlayıb. Hadisədən sonra o saxlanılıb və barəsində cinayət işi başlanıb.
Araşdırma zamanı məlum olub ki, bacanaq evin həyətindəki yardımçı tikilidə gizlənərək “WhatsApp” vasitəsilə Kamalın həyat yoldaşına mesaj yazıb və onu həyətə düşməyə çağırıb. Bundan xəbər tutan Kamal Məmmədov qısqanclıq zəminində əvvəlcə bacanağına, daha sonra isə həyat yoldaşına xəsarət yetirib.
Məhkəmə prosesində təqsirləndirilən şəxs “Konstitusiya və Suverenlik İli” çərçivəsində amnistiya aktının tətbiq olunmasını xahiş edib.
Balakən Rayon Məhkəməsinin qərarı ilə Kamal Məmmədov barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.


