Gəncədə qısqanclıq zəminində baş verən münaqişə cinayət işi ilə nəticələnib.
Gent.az-ın məlumatına görə, hadisəyə səbəb TikTok sosial şəbəkəsindəki yazışma olub.
İttiham aktına əsasən, 35 yaşlı Seymur Mirzəyevin (ad və soyad şərtidir) həyat yoldaşına TikTok-da bir şəxs tərəfindən qeyri-etik məzmunlu mesaj göndərilib. Seymur həmin mesajı yazanın öz sinif yoldaşı Rəşid olduğunu müəyyənləşdirib. O, Rəşidi idarə etdiyi avtomobilə əyləşdirərək yazışmanı göstərib və əvvəlcə onun göz nahiyəsinə zərbə vurub. Daha sonra ard-arda üzünə yumruqla zərbələr endirib. Bundan sonra Seymur avtomobildə saxladığı bıçağı çıxarıb. Rəşid özünü qorumaq üçün bıçağın iti hissəsini əli ilə tutduğundan barmaqlarından xəsarət alıb və avtomobildən düşərək qaçıb.
Faktla bağlı Seymur Mirzəyev saxlanılıb və barəsində cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, həyat yoldaşı ilə bir telefonu birgə istifadə edirlər və yoldaşının ayrıca TikTok hesabı yoxdur. Onun sözlərinə görə, hesabdan özü də istifadə edib. Seymur qeyd edib ki, Rəşid həm sinif yoldaşı, həm də qonşusudur. O, hadisə zamanı əvvəlcə yumruqla zərbələr endirdiyini, daha sonra bıçaqla zərbə vurmaq istədiyini etiraf edib. Lakin bıçaq Rəşidin əlinə toxunduğundan zərərçəkən maşından düşərək uzaqlaşıb.
Seymur Mirzəyev əməlindən peşman olduğunu, zərərçəkənlə barışdığını və körpə övladının olduğunu nəzərə alaraq məhkəmədən yüngülləşdirici hal kimi qiymətləndirilməsini istəyib.
Gəncə Şəhər Məhkəməsinin qərarı ilə Seymur Mirzəyev barəsində 7 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


