Hər gün işə getmək məcburiyyətində deyilsinizsə, tez-tez təraş olmaq vacib deyil. Bununla belə, bir neçə gündən bir təraş edəcəyiniz üçün məhsullar haqqında məlumatlı olmaq, eləcə də bu işi görərkən diqqətli olmaq önəmlidir. Uzun illərdir gününüzə təraşla başlayırsınız, vərdiş etdiyiniz hərəkətləri edirsiniz və əminsiniz ki, texnikanız qüsursuzdur. Amma bəzi məqamları yalnış bilə və ya unuda bilərsiniz. Gent.az evdə təraşın ən vacib məqamlarını təqdim edir:
- Heç vaxt quru dərini təraş etməyin. Üzünüz tez-tez kəsilir, ya da saqqallarınızı tam qırxa bilmirsinizsə, bu məsləhətimizə əməl edin. Əvvəlcə, üzünüzü ilıq su ilə yumşaldın və təraş köpüyünüzü üzünüzə sürtün. Köpüyü masaj hərəkətləri ilə dəriyə yaxşıca tətbiq edin.
- Məhsulları həssaslıqla seçin. Təraşda istifadə edəcəyiniz məhsulların dərinizə uyğun olması son dərəcə vacibdir. Allergiyalı dəriyə sahibsinizsə, həssas dəri tipləri üçün olan özəl məhsullardan istifadə etməlisiniz. Köpük də yağlı, quru və normal dərilər üçün fərqli üsullara hazırlanır. Dəri tipinizə uyğun məhsul seçməyə diqqət edin.
- Düzgün ülgüc seçin. Ülgücünüzün kəskin, amma üzünüzü kəsməyəcək dizaynda olmasına fikir verin. İndi bir çox markanın 2, 3 bıçaqlı təraş alətləri var, onlara göz gəzdirə bilərsiniz. Ən əsası, pas atana qədər bir ülgüclə təraş etmək olmaz. Küt ülgüc dəridə qıcıqlanma və iltihab yaranmasına səbəb olur. Ülgüc kütləşibsə, onu dərhal atın.
- Təraşa ilk olaraq, yanaqdan başlayın və çənənin ucuna qədər davam edin. Boyun hissəsini sona saxlayın. Ülgücdən istifadə edərkən çox güc tətbiq etməyin, eyni yerin üzərindən dəfələrlə keçməyin, yavaş və diqqətli hərəkət edin.
- Tüklərin istiqamətinə baxın. Bəzən təraşdan sonra dəri altında qalan tükləri görürük. Bu təmiz görüntünün yaranmasına mane olur. Bu halla qarşılaşmaq istəmirsinizsə, tükləri çıxma istiqamətinə doğru təraş edin.
- Təraşınız bitdikdən sonra üzünüzü ilıq su ilə durulayın. Qalan tükləri yaş ülgüclə incə hərəkətlər tətbiq edərək götürə bilərsiniz.
- Vanna otağını tərk etməyə tələsməyin. Təraşdan sonra dəriyəqulluq məsələsinə laqeyd yanaşmamalısınız. İşiniz bitdikdən sonra dərini təravətləndirən və nəmləndirən losyonlar, kremlər istifadə edin. Bu məhsulların seçimində də dəri tipinizə uyğun olanlara üstünlük verməyiniz məsləhətdir.
Yuxarıda sadaladığımız 7 vacib tövsiyəyə əməl edin, hər yeni günü sağlam, təravətli dəri ilə qarşılayın!