Koronavirus pandemiyası zamanı bir çox kişi mətbəxdə daha çox vaxt keçirməyə başladı, yeni yeməklər hazırlamağı öyrəndi, bunu məşğuliyyət halına gətirdi.
Lakin tədricən yumşaldılmış karantin səbəbi ilə əksəriyyət işinə geri qayıtdı. Artıq kişilərin kifayət qədər vaxtları olmadığından kafe və restoranlardan sifarişlər etməyə başladılar.
Bu isə sona çatmamış pandemiya dövründə həm təhlükəlidir, həm də maddi cəhətdən əlavə yükdür. Bu səbəbdən, bu gün çox az pul ilə 15 dəqiqədə hazırlaya biləcəyiniz ton balıqlı makaron reseptini sizlə bölüşürük. Restoranlarda yediklərinizdən fərqlənməyən bu yemək 4 nəfər üçün nəzərdə tutulub:
Ərzaqlar:
1 paket makaron
200 qr. konservləşdirilmiş ton balığı
2 yemək qaşığı zeytun yağı
6 ədəd çeri pomidoru
1 diş sarımsaq
1 stəkan qaynadılmış qarğıdalı
1 stəkan qara zeytun
4/1 dəstə reyhan
1 çay qaşığı duz
Yarım çay qaşığı istiot
Hazırlanması:
- Makaronu 8-10 dəqiqə suda qaynadın. Makaron bişəndən sonra bir qabda kənara qoyun. Qaynatdığınız sudan 1 qaşıq sous üçün götürün.
- Sous üçün sarımsağı rəndələyin, reyhanı xırda-xırda doğrayın və pomidorları ortadan ikiyə bölün.
- Zeytun yağını tavada qızdırın. Pomidor və sarımsağı 2 dəqiqə qovurun.
- Ton balığının yağını süzüb tavaya əlavə edin və pomidorların suyu çəkilənə qədər sousu bişirin.
- Sonra ardıcıllıqla qaynadılmış qarğıdalı, qara zeytun, reyhan, duz, istiot və götürdüyünüz makaron suyunu da əlavə edib sousu qaynadın.
- Bişmiş makaron və sousu qazanda qarışdırın ki dadları bir-birinə keçsin.
İstəsəniz, hazırladığınız ton balıqlı makaronu çedar pendiri ilə əvvəlcədən isidilmiş 200 dərəcəlik sobada da bişirə bilərsiniz.
İki halda da yeməyi soyutmadan servis edin. Nuş olsun!