Alimlər bu qənaətə gəliblər ki, iş günü ərzində insanlar gərək fasilələrə yer verə, çünki bu onların əməyinin səmərəliliyini artırır.
Müvafiq araşdırmada Nyu-York şirkətlərində işləyən bir qrup könüllü iştirak edib. Hər iştirakçı bir neçə məsələni həll etməli və alimlər tərəfindən göstərilən təsvir və rəqəmləri yadda saxlamalı idilər.
Bu könüllüləri iki qrupa bölüblər. Testlər bitəndən sonra iştirakçıların bir hissəsi dərhal oxumaq, yazmaq kimi fəliyyət növlərinə keçiblər. İkinci qrup isə işdən aralanaraq bir neçə dəqiqə ərzində sadəcə istirahət edib.
Bir müddət keçdikdən sonra mütəxəssislər onlardan bir müddət öncə verilən məlumatı yada salmağı xahiş ediblər. Məlum olub ki, istirahət etmiş qrup məlumatı daha yaxşı yadda saxlayıb.
Eksperimetnin müəllifləri qeyd edir ki, istirahət zamanı beyin qısamüddətli yaddaşı uzunmüddətli formaya keçirir. Həmin proseslər yuxu zamanı da baş verir.
Beləliklə, alimlər əqli işlə məşğul olan insanlara mümkün qədər tez-tez istirahət etməyi məsləhət görür.