"Yaxşı şərab yaxşı bir film kimidir: bir an davam edir, ancaq ağızda gözəl dad buraxır". Bu sözləri məşhur italyan rejissoru Federiko Fellini deyib.
Filmlər əyləncə və sənətdən çox daha dərin mənalar daşıyır. Hisslərimizi hərəkətə keçirir, incidir, əyləndirir, güldürür, ağladır, düşündürür, hər dəfə qəlbimizə nüfuz etməyi bacarır. Bəlkə, həyatımızı da dəyişdirir. Film izləməyin keyfi isə ən çox yenidən özünəsevgi qazanmaq ilə birləşəndə artır.
Məyusluq yaşayanda, arzularımız reallaşmayanda, sevdiklərimizdən ayrılanda, gündəlik həyatımızdan bezəndə həyata davam etmək üçün güc, motivasiya tapmaq çətin olur. Bəs nəyə görə filmlər hərəkətverici qüvvə olmasın?
Bu gün özünüzə olan inamınızı, güvəninizi itirəndə izləyə biləcəyiniz 4 film haqqında danışacağıq:
1. "Yenidən başlasam" (1998)
Mariya Ripollun rejissorluğu ilə çəkilən bu film tərs gedən münasibətinə ikinci dəfə başlamaq fürsəti əldə edən bir adamın hekayəsindən bəhs edir. Adam nə qədər cəhd etsə də, alınmır, heç nə dəyişmir.
Duqlas Hensal, Lena Haydi və Penelopa Kruz kimi dünyaca məşhur aktyorların rol aldığı film çox önəmli mesajlar verir. Bəzən əvvəlcədən yolunda getməyən bir münasibətə və ya layihəyə başlayaraq işləri özümüz üçün daha da çətinləşdiririk.
Maraqlısı odur ki, gözümüzün önündə olan cavabların fərqinə varmır və görməkdən imtina edirik.
Belə hallarda dayanmalı, rahatlamalı, daha geniş və obyektiv rakursdan hadisəyə baxmalısınız.
Yeni bir məqsəd tapmağın, özünüzü yaxşı hiss etməyin və sevməyin tək yolu bu ola bilər.
2. "Hektor xoşbəxtlik ardınca" (2014)
Hektor yolunu itirmiş bir psixiatrdır. O, həyatından bezir və xəstələrinə verdiyi tövsiyələrin heç bir işə yaramadığını anlayır. Beləliklə, itirdiyi xoşbəxtliyini axtarmaq üçün uzun bir səyahətə çıxmaq qərarı alır.
Peter Çelsom tərəfindən çəkilən bu filmdə Simon Peq, Rozamund Payk və Stellan Skarsqard kimi aktyorlar rol alıb. Bu film bəzən insanların rahat, qayğısız bir həyatda itə biləcəyini göstərir.
Belə bir həyatda ehtiras haradadır? Ömrünüzü cansıxıcı və gündəlik işlərinizin arasında keçirməyin, xəyallarınızın ardınca gedin, xoşbəxtliyi o zaman tapacaqsınız.
3. "Duyğuların rəngi" (2011)
Teyt Taylorun "Duyğuların rəngi" filmi bir çox insanı təəccübləndirdi. Film Amerikanın cənubunda yaşayan irqləri və sosial statusları səbəbiylə pis rəftar edilən və böyük çətinliklərə dözən qadınlardan hekayəsi əsasında çəkilib. Görəsən, kimsə onların səsini duyurmu, nə hiss etdiklərini düşünürmü?
Viola Davis, Brus Dallas Hovard və Emma Stounun rol aldığı bu möhtəşəm film səsini yüksəltməyin, qışqırmaqdan başqa yollarıт olduğunu da sübut edir.
Film jurnalist olmaq istəyən gənc bir qızın bu qadınların hekayələrini kitab halına salmasından bəhs edir. Bu kitab sonralar həmin qadınların səsi olmuş, onlara özgüvən qazandırmışdı.
4. "Milyonluq körpə" (2004)
Bir şeyə inananda əlindən gələni et deyirlər. Usta rejissor Klint İstvud tərəfindən çəkilən film də bu ifadənin doğruluğunu sübut edir. Hilari Svank və Morqan Frimenin baş rollarını bölüşdüyü bu film əsl cəsarət nümunəsidir.
Filmin mövzusu boksçu olmaq istəyən bir qızın qarşısına çıxan bütün maneələri aşması, var gücü ilə mübarizə aparıb uğur qazanması haqqındadır. O, heç bir şeyin onu qorxutmasına imkan verməyərək xoşbəxt olmağı bacarır.