Bir çoxumuzda qorxu və qeyri-müəyyənlik hissləri yaradan misli görünməmiş qlobal böhranın ortasındayıq.
Lakin koronavirus pandemiyası bizə başqalarına kömək etmək üçün yaradıcı və bacarıqlı yollar tapan insanlardan işçilərini işdən çıxartmamaq üçün illik maaşlarından imtina edən baş icraçı direktorlara qədər bir çox liderlərin timsalında nümunəvi liderlik dərsi verdi.
Əqli cəhətdən güclü liderlərə indi hər zamankındən daha çox ehtiyac var və əgər siz də müəyyən vərdişlərə yiyələnsəniz, onlardan biri ola bilərsiniz. Bu səbəbdən təcrübəli liderlərdən bu mövzuda fikirlərini bölüşmələrini xahiş etdik. Bu məqaləmizdə güclü liderlərin mənimsədiyi 5 vərdişdən bəhs edəcəyik:
1. Uğursuzluq
Zehni cəhətdən güclü liderlər uğura aparan yolun uğursuzluqdan keçdiyini bilirlər. Onlar çətinliklərə dözürlər, maneələri qəbul edirlər və bununla da zehni güclərini artırırlar.
2. Ardıcıllıq
İstənilən məqsədə çatmaq üçün ardıcıllıq vacibdir. Liderlər öz daxili güclərini hər gün məqsədlərinə çatmaq üçün səy göstərərək inkişaf etdirirlər. Onlar etiraf edirlər ki, kiçik vərdişlərin zamanla böyük vərdişlərə çevrildiyini şəxsi təcrübələrində müşahidə ediblər. Bu da qətiyyət və ardıcıllıqla mümkün olub. Ardıcıllığı qorumaq üçün başınızı aşağı salın, işinizi başa çatdırın, həftəni bitirin və bunun nə ilə nəticələndiyini görün. Davamlı çalışdıqca nə qədər inkişaf etdiyinizi görəcəksiniz.
3. Müsbətə fokuslanın
Zehni cəhətdən güclü liderlər yaxşı bilirlər ki, həyatda və işdə hər zaman nəzarət edə bilmədikləri şeylər olacaq. Lakin onlar dayanıqlılığı artırdığı və qeyri-müəyyənlik dövründə irəliləməyə imkan verdiyi üçün müsbətə fokuslanmağı seçirlər. Və bu bəzən sərhədlərin müəyyənləşdirilməsi deməkdir. Liderlər deyirlər ki, nə olursa, olsun mənfi mühitlərdən çəkinin. Neqativ insanlar səhvlərə fikir verməyə meyillidirlər və bu, zehni fəaliyyətinizə təsir göstərə bilər.
4. Dəstək axtarın
Güclü liderlərin heç bir dəstəyə ehtiyacları yoxdur fikri çox yalnışdır. Hər böyük liderin arxasında güclü bir dəstək sistemi dayanır. Liderlərin də sözlərinə görə, onları lider kimi formalaşdıran həyatları boyunca məşqçilər və təlimçilərindən aldıqları dərslərdir.
5. Enerji idarəetməsi
Hər birimizin gün ərzində 24 saatı var. Ancaq əqli cəhətdən güclü liderlər yalnız vaxtlarını deyil, enerjilərini də idarə edirlər. Onlar bunun yüksək performans əldə etmək və gözlənilməz problemlərlə mübarizə aparmaq üçün ən qiymətli üsul olduğunu bilirlər. Bu üsulu tətbiq etmək üçün həftədə bir dəfə bütün tapşırıqlarınızı bir kağıza yazın. Sonra prioritetlərinizə və nəticələrinizə əsasən həftəlik fəaliyyət planını hazırlamaq üçün bir saat vaxt ayırın. Bu proses həm zehninizi çox informasiyanı yadda saxlamaqdan azad edir, həm də stratejidir.