Opera mövzusunu tarix, mifologiya və ya əfsanələrdən götürən səhnə əsəridir. O, söz və musiqinin, oxuma və səhnə hadisələrinin, vokal və instrumental ifanın vəhdətindən yaranmışdır. Başqa sözlə desək, opera poeziyanın, dramatik teatrın, rəngkarlığın, plastikanın, vokal və instrumental musiqinin sintezindən ibarətdir. Onun əsas mövzusunu xeyirlə şərin, işıqla qaranlığın, məhəbbətlə nifrətin mübarizəsi təşkil edir. Opera musiqiyə söykənən dram, yaxud komediyadır. Operada dramatik mətnlər müğənnilərin oxuması ilə təqdim olunur. Bu, həmişə orkestrin müşayiətilə baş verir.
Təəssüflər olsun ki, sivil dünya musiqisinin ən yüksək zirvəsi sayılan klassik opera musiqisinə cəmiyyətimizdə biganəlik hallarına həddindən çox təsadüf edilir. Bu səbəbdən də, bu gün birlikdə opera haqqında öyrənəcəyik.
Operanın tarixi
Opera Renessans dövründən sonra İtaliyada meydana gəlmiş bir teatr növüdür. O, incəsənətin digər növlərinə nisbətən gənc janr hesab olunur. Rəngkarlıq, heykəltəraşlıq, memarlıq, vokal musiqisi minilliklər boyu inkişaf etdiyi halda, ilk operalar XVI və XVII əsrlərin qovşağında meydana gəlmişdir. Özünün tarixi və bədii dəyərini indimizə qədər qoruyub saxlayan ilk operanın müəllifi İtaliyanın dahi bəstəkarı Klaudio Monteverdidir. Onun musiqili nağıl adlandırdığı "Orfey" operası 1606-cı ildə səhnəyə qoyulmuşdur. Sonralar Avropanın digər ölkələrinə də yayılmış bu yeni incəsənət janrına müxtəlif adlar verilmişdir. Fransada qəhrəmanlıq operalarına "musiqili faciə" deyirdilər. Almaniya və Avstriyada alman mətninə yazılan, həm danışıq, həm də oxumaqla cərəyan edən əsərlər "oxumaqla gedən pyes" adlanırdı, Rusiyada operaya "səslə oxumaq dramı" adı verilmişdi.
Sonralar hər yerdə "opera" adlanan bu əsərlər janr və üslub xüsusiyyətlərinə görə "komik opera", "ciddi opera", "opera-buffa", "böyük opera", "lirik opera", "romantik opera" növlərinə ayrılmışdır. Bəzi bəstəkarlar, məsələn, məşhur italyan bəstəkarı Cakoma Puççini öz operalarını "melodram" adlandırırdı. Müasir operanı saxta incəsənət növü sayan alman bəstəkarı Rixard Vaqner özünün yetkin əsərlərinə "təntənəli səhnə tamaşaları", yaxud "təntənəli misteriya" deməyi lazım bilmişdi.
Opera aristokrat əyləncəsi olaraq yaranmış, sonralar geniş tamaşaçı kütləsinin əyləncə obyektinə çevrilmişdir. İlk opera teatrı 1673-cü ildə, yəni, bu janrın meydana gəldiyi vaxtdan təqribən qırx il sonra İtaliyanın Venesiya şəhərində açılmışdır. Sonralar bütün Avropaya sürətlə yayılmışdır. XIX əsrdə və XX əsrin başlanğıcında opera öz inkişafının yüksək zirvəsinə qalxmışdır. "Dafniya" adlı ilk operanı 1597-ci ildə italyan bəstəkarı və müğənnisi Cakopo Peri yazmışdır. Cakopo Periyə elə gəlirdi ki, onun yaşadığı dövrün incəsənət əsərləri yunan və Roma mədəniyyətinin klassik əsərlərindən geri qalır. Və buna görə də özünün başa düşdüyü tərzdə yunan tragediyası yaratmaq istəyində bulunmuşdu. Nəticədə meydana gəlmiş "Dafniya" yunanların yaradıcılığı nümunəsinə az oxşar bir əsəri xatırladırdı. "Dafniya" hazırda opera adlanan formada ilk əsər sayılır. Buna baxmayaraq, yeni bədii formanın ilk yaradıcısı italyan bəstəkarı Klaudio Covanni Antonio Monteverdi (1567-1643) hesab olunur. Onun "Orfey" operası indi də oynanılır.
Venesiyada kütləvi tamaşalar qoyulan dövrdən sonrakı 65 il ərzində 7 teatr meydana gəlmiş və həmin teatrlar üçün 40-a qədər bəstəkar 357 opera yazmışdır. Almaniyada ilk opera 1627-ci ildə, Fransada 1647-ci ildə, İngiltərədə 1689-cu ildə, İspaniyada XVIII yüzilliyin başlanğıcında təşəkkül tapmışdır. Məlum olduğu kimi, Üzeyir Hacıbəyovun Şərq aləmində ilk operası sayılan "Leyli və Məcnun" monumental əsəri 1908-ci ildə Bakıda tamaşaya qoyulmuşdur.
Operanın bölmələri
Opera yazılı bir əsərə əsaslanır, eyni zamanda, bunu bəstə ilə oxuyub, oynamaq üçün aktyorlar və bəstəni ifa etmək üçün böyük bir orkestr tələb edir.
Bir opera başlıca olaraq 2 hissədən ibarət olur:
1) Mövzunu izah edən, əsasən, şeir halında yazılan söz hissəsi (libretto);
2) Musiqi.
Librettolar faciə mövzuları əsasında hazırlanır. Bu növdə ya ümidsiz bir eşq, ya da sonu mütləq ölümlə bitən bir hekayə haqqında danışılır. Musiqini orkestr ifa edir, mahnıları isə artistlər ya tək-tək, ya da xor halında oxuyurlar.
Musiqi əsaslı operanın isə bir çox növü var:
Uvertüra – Florensiyada ilk operalar səhnələşərkən hələ oyun başlamadan öncə “simfoniya” adlanan qısa bir musiqi parçası çalınırdı. Sonradan buna “uvertüra” deyildi. Uvertüralar, demək olar, həmişə operanın mövzusunu qısa izah edən bəstələrdir. Üç hissəlidir, ümumi olaraq orta hissəsi sürətli çalınır. “Scarlatti forması” adlanan italyan uvertürasında isə orta hissə ağır, başlanğıc və final hissələri sürətli çalınır.
Reçitativ – orkestrla sıx birlik halında, danışırmış kimi sərbəst şəkildə çalınan ya da söylənən hissədir. Reçitativlər ariyaların doğulmasına yol açmışdır.
Ariya – operada sopranonun ya da bəlli-başlı uzun-uzadı solo olaraq ifa etdikləri hissədir. Ariyanın birinci bölməsi bir söhbət ədasındadır. İkinci bölmə daha ritmik olur, ümumilikdə, “andante” tempindədir. Üçüncü bölmə isə “alleqro” tempi ilə oxunur.
Xor – bütün aktyorların ya da bir çox aktyorun birlikdə oxuduğu ariyadır. Xoru yaradan səslər kişi səsləridirsə, “kişi xoru”, qadın səsləridirsə, “qadın xoru” adını alır. Bir neçə nəfərdən 150-200 nəfərə qədər xor topluluğu ola bilər.
Final – operanın son hissəsidir. Burada orkestr, xor və solo səslər həmişə birlikdə çalıb oxuyurlar. Ümumi olaraq finallar çox təmtəraqlı bitir.
Balet – operaların uyğun yerlərində balerinalar tərəfindən edilən rəqslərdir. Baletin üstün olduğu operalara “baletli operalar” deyilir.
Operanın növləri
Tarixi inkişaf ardıcıllığına görə operalar 2 növə ayrılır:
Opera-mövzusu kədərli, mahnılı, başdan ayağa musiqili əsərlərdir. Demək olar ki, bütün musiqiçilər bu tərzdə operalar bəstələmişlər.
Opera-komediya - 17-ci əsrdə bəzi operalara gülməli ünsürlər də əlavə edildi. Beləcə, opera-komediya (güldürən opera) növü meydana gəldi. Buna bir çox dillərdə “opera buffa” da deyilir.
Azərbaycan operası
Azərbaycanda opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Üzeyir Hacıbəylinin H.Z.Tağıyev teatrında səhnələşdirilən və şərq-müsəlman aləminin ilk opera əsəri olan “Leyli və Məcnun”u ilə qoyulmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər milli opera, məhz, Ü.Hacıbəyovun – “Şeyx Sənan” “Ər-arvad”, “Rüstəm və Söhrab”, “O olmasın, bu olsun”, “Fərhad və Şirin” və s. kimi əsərləri sayəsində inkişaf edib. 1932-ci ildə o, bilavasitə yeni opera əsəri üzərində işləməyə başlayıb və bu janrın ən yüksək meyarlarına uyğun gələn əsil milli opera - "Koroğlu"nu yaradıb. 1937-ci ildə premyerası olan həmin əsər bəstəkarın yaradıcılıq zirvəsini təşkil edir.
Eyni zamanda bu dövrdə Müslüm Maqomayev "Nərgiz" operasını, R.M.Qliyer isə "Şahsənəm" operasını yazır. Operaların müvəffəqiyyəti gənc bəstəkarları yeni opera əsərləri yazmağa ruhlandırır. 1940-cı illərdə Niyazinin "Xosrov və Şirin" operası, Cövdət Hacıyev və Qara Qarayevin "Vətən" operası, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası və b. yazılmışdır. 1953-cü ildə Fikrət Əmirovun "Sevil" operası tamaşaya qoyulmuşdur.
2012-ci il noyabrın 10-da bəstəkar Üzeyir Hacıbəyovun ˝Leyli və Məcnun˝ muğam operası ilk dəfə ABŞ-da nümayiş etdirilib. 2017-ci ildə Azərbaycanın musiqi mədəniyyəti tarixində ilk dəfə olaraq rok-opera yazılıb. İki il müddətində ərsəyə gələn "Səyyah Sindibad" adlı əsərin müəllifi bəstəkar və müğənni, klassik vokal məktəbinin nümayəndəsi Rizvan Sədirxanovdur.
Ustad sənətkar qələminin məhsulu olan operalar həmişəyaşarlıq zirvəsinə qalxmış əsərlərdir. Opera xalqın mədəni səviyyəsinin göstəricisidir. Onu dinləmək və qavramaq bacarığına sahib şəxs yüksək mədəniyyət sahibi hesab olunur.
Musiqi ilə qalın!