“Səhərə necə başlayırsansa, bütün günün elə keçir” deyimi, yəqin, çoxunuza tanışdır.
Orqanizmin enerji ilə təminatı səhər yeməyindən başlayır. Alimlər səhər yeməyindən imtina edənlərin 30 yaşdan sonra diabet, xərçəng, eləcə də yaşlandıqda demensiya ilə üzləşmə riskinin yüksək olduğunu açıqlayıblar. Bundan əlavə, səhər yeməyini yeməyənlər daha sürətlə kökəlirlər.
Bəs normal səhər yeməyi necə olmalıdır?
Diyetoloqlar məsləhət görürlər ki, bədən şəklinizi qorumaq, arıqlamaq və kaloriyə diqqət yetirməkdən ötrü səhər yeməyindən imtina etməyəsiniz.
Səhər yeməyinin orqanizmə faydası dəysin deyə, masanızda mürəkkəb karbohidratlar, düzgün yağlar və zülal olmalıdır.
Menyu nümunəsi:
Üzərinə təmiz kərə yağı və bal çəkilmiş xırçıltılı çörək;
Pendir və ya şorla dürmək;
Suda və ya süddə bişmiş düyü, yaxud buğda sıyığı;
Üzərinə təzə və ya quru meyvə dilimləri əlavə edilmiş təbii yoqurt;
Toyuq filesi və pomidorlu, kahılı salat;
Ağ pendir və ya dəlikli holland pendiri;
bir ədəd soyutma yumurta;
beş ədəd qoz və ya badam;
Çay və qəhvə;
Səhərlər ürəyiniz istəyən şirniyyatdan bir qədər yeyə bilərsiniz, çünki bu zaman qəbul edilən şəkər piyə çevrilib depolanmır. Xurma, şokolad ideal seçimdir.
Tezbazar səhər smuzisi:
Blenderdə 500 ml yağsız kefirə 100 q yağsız kəsmik, 50 q bişməmiş yulaf qatıb qarışdırın. Bu qarışım iki gün üçün yetərlidir.
Bir boşqabda hər şey:
Təzə meyvə dilimlərini yoqurtla qarışdırıb bura bir çay qaşığı bal, yulaf, müxtəlif yarmalar əlavə edə bilərsiniz.
Səhərlər ət qəbulu
Xüsusən kişilər, ağır fiziki işdə çalışanlar yağsız mal əti, balıq, toyuq və hinduşka əti qəbul edə bilərlər.
Səhər yeməyində yemək olmaz:
Supermarketlərdə asan hazırlanan, müxtəlif cəlbedici qutularda səhər yeməkləri, müsli, fitnes sıyıqlarından yan keçin;
Sosiska, kolbasa, müxtəlif buterbrodlar da səhər yeməyində olmamalıdır;
Səhərlər şirin çay içmək yanlışdır. Xüsusən uşaqlara şirin çay vermək olmaz. Bu beyini aldadır, qanda qlükozanı kəskin qaldırır, şəkər asılılığı yaradır;
Şirin meyvələr, sitrus meyvələrindən çəkilmiş şirələr, ağ undan hazırlanmış kremli məmulatlar, yağlı xörəklər. (Süfrə jurnalı)