İrlandiyalı alimlərin apardığı yeni araşdırma göstərib ki, qəhvə içmək təkcə enerji vermir, həm də yaddaşı gücləndirir və əhval-ruhiyyəni yaxşılaşdırır.
Gent.az xəbər verir ki, tədqiqat zamanı 62 nəfərin bağırsaq mikrobiomu və psixoloji vəziyyəti öyrənilib. Nəticələrə əsasən, qəhvə bağırsaq bakteriyalarına müsbət təsir göstərərək stress və depressiya əlamətlərini azalda bilər.
Müəyyən olunub ki, gündə 3–5 fincan qəhvə içən şəxslər iki həftə qəhvədən uzaq qaldıqdan sonra bağırsaq floralarında dəyişikliklər müşahidə edilib. Yenidən qəhvə qəbul etdikdə isə iştirakçılar özlərini daha sakit, daha yaxşı əhvalda hiss etdiklərini və impulsiv davranışların azaldığını bildiriblər.
Araşdırma zamanı qəhvə növlərinin fərqli təsirləri də üzə çıxıb:
* Kofeinsiz qəhvə yaddaşı və öyrənmə qabiliyyətini gücləndirib.
* Kofeinli qəhvə isə diqqəti artırıb, ayıqlığı yüksəldib və narahatlıq hissini azaldıb.
Alimlərin sözlərinə görə, bu təsirlər yalnız kofeinlə bağlı deyil. Qəhvənin tərkibində olan polifenollar beyində iltihabı azaldır, dopamin hormonunun ifrazını artırır və motivasiyanı yüksəldir.
Tədqiqat rəhbərlərindən Con Krayan bildirib ki, əldə olunan nəticələr bağırsaq sağlamlığı ilə psixoloji vəziyyət arasında güclü əlaqənin olduğunu bir daha təsdiqləyir və qəhvənin balanslı qidalanmanın faydalı hissəsi ola biləcəyini göstərir.

