Tulane Tibb Məktəbinin alimləri müəyyən ediblər ki, pivə içənlər şərab və ya digər spirtli içki içən insanlardan daha çox siqaret çəkir, pis yemək yeyir və oturaq həyat tərzi keçirir. Tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc olunub.
Gent.az xarici KİV-ə istinadla bildirir ki, tədqiqatda 1900 ABŞ sakini iştirak edib. İştirakçılar istehlak etdikləri alkoqolun növünə görə qruplara bölünüblər: yalnız pivə (38,9%), yalnız şərab (21,8%), yalnız digər spirtli içkilər (18,2%) və ya müxtəlif növ spirtlərin birləşməsi (21%).
Alimlər subyektlərin qidalanma vərdişlərini və həyat tərzlərini təhlil edərək, onların hər birinə Sağlam Qidalanma İndeksinə (IHP) görə bal veriblər. Ballar pəhriz keyfiyyətinin dörd əsas aspektinin qiymətləndirilməsinə yönəlib: qida çeşidi, əsas qrupların və ya ən qiymətli qidaların bəzi alt qruplarının qəbulunun adekvatlığı, qidalanmanın norması və balansı.
Nəticələr göstərib ki, heç bir qrup 100 ballıq IHP şkalası üzrə 80-dən çox bal toplamayıb. Pivə istehlakçıları qrupu ən aşağı nəticəyə (cəmi 49 bal) sahib olub ki, bu da pəhriz keyfiyyətinin daha pis olduğunu göstərir. Şərab içənlər 55 bal, spirtli içkilər və ya hər ikisinin kombinasiyasını qəbul edənlər isə 53 bal toplayıb.
Bundan əlavə, pivəyə üstünlük verənlərin daha çox siqaret çəkən gənc, aztəminatlı kişilər olduğu qeyd edilib. Bu qrup həmçinin bədən çəkisi və ən aşağı fiziki fəaliyyət səviyyəsinə görə ən yüksək gündəlik kalori qəbuluna sahibdir.