Hələ oktyabr ayında Boliviya hakimiyyəti azyaşlı ilə münasibətdə ittiham olunan ölkənin keçmiş prezidenti Evo Moralesin həbsinə order verib.
Gent.az xəbər verir ki, bu barədə Britaniyanın “Guardian” qəzeti prokuror Sandra Qutyerrezin bəyanatına istinadən material dərc edib.
Dövlət ittihamçısı etiraf edib ki, polis hələ də Moralesi Koçabamba departamentinin kənd yerlərində koka yetişdirənlərin silahlı mühafizəsi altında saxladığı üçün orderi icra edə və həbs edə bilməyib.
Keçmiş prezident öz növbəsində hazırkı dövlət başçısı Luis Arsenin ona qarşı elan etdiyi “amansız hüquqi müharibənin” qurbanı olduğunu bildirib. Moralesin sözlərinə görə, Arse bunu ABŞ-a “müharibə kuboku” kimi vermək istəyir.
Oktyabr ayında Moralesə qarşı 15 yaşlı qıza təcavüz etmək ittihamı ilə istintaq başladılıb. Məlumata görə, “Generation Evo” gənclər təşkilatının üzvü olan həmin qız prezidentdən uşaq dünyaya gətirib.